İranın bu sınağı islahat, yoxsa çöküşdür? - Politoloq açıqladı
Siyasət
1447
10 Jan 2026 | 16:11

İranın bu sınağı islahat, yoxsa çöküşdür? - Politoloq açıqladı

İranda son dövrlər müşahidə olunan etiraz aksiyaları həm miqyası, həm də xarakterinə görə əvvəlki illərdə baş verən oxşar proseslərdən ciddi şəkildə fərqlənir. Ölkədə uzun müddətdir davam edən sosial-iqtisadi gərginlik, daxili sabitliyə təsir edən regional proseslər və beynəlxalq təzyiqlər əsasında baş verənlər artıq İran cəmiyyətində köklü narazılığın formalaşdığını göstərir. Etirazların geniş coğrafiyanı əhatə etməsi və zorakılıq elementləri ilə müşayiət olunması isə vəziyyətin nəzarətdən çıxmaq üzrə olduğunu deməyə əsas verir.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirir ki, İranda baş verən hazırkı etiraz aksiyaları əvvəlki etiraz dalğalarından tamamilə fərqlidir.

1457042

Onun sözlərinə görə, ölkədə mövcud iqtisadi vəziyyət, İran reallığında milli valyutanın dollar qarşısında kəskin ucuzlaşması, hiperinflyasiya, xarici təsirlər və xüsusilə sanksiyalar artıq genişmiqyaslı etirazların formalaşmasına gətirib çıxarıb:

"Etirazların ölkənin demək olar ki, 60 faizini əhatə etməsi proseslərin təsadüfi deyil, sistemli xarakter daşıdığını göstərir.
Bu aksiyalarda zorakılıq hallarının geniş şəkildə müşahidə olunması diqqətdən kənarda qalmamalıdır. Xüsusilə etirazçıların silahdan istifadə etməsi, dövlət binalarının və məscidlərin yandırılması faktları aksiyaların hakimiyyətə və mövcud rejimə qarşı ciddi aqressiya ilə müşayiət olunduğunu göstərir. 

Mövcud vəziyyəti yaradan əsas səbəb kimi İranın hazırkı dini rejiminin vaxtında heç bir islahat aparmaması göstərilir. Prezident Pezeşkian bu təhlükələr barədə öncədən xəbərdarlıq etsə də, mühafizəkar dairələrin proseslərin bu istiqamətə gəlməsinə şərait yaratdığı qeyd olunur".

Məhəmməd Əsədullazadənin fikrincə, hazırda baş verənlər artıq əvvəlki etiraz aksiyalarına bənzəmir və rejim də bunu anlayır:

 "ABŞ və İsrail İranda rejim dəyişikliyinə çalışır və İran hakimiyyəti də mövcud vəziyyətin əvvəlki etirazlardan fərqli olduğunu dərk edir. İranın beynəlxalq vəziyyəti xeyli pisləşib, regionda geosiyasi durum tamamilə onun əleyhinə dəyişib, Yaxın Şərqdə təsir imkanları sıxışdırılıb və faktiki olaraq məğlubiyyət mərhələsinə daxil olub. Bütün bunların fonunda İran hazırda öz daxili problemləri ilə ciddi şəkildə çalxalanır və mövcud rejim artıq öz taleyi barədə düşünməyə məcburdur".

Politoloq hesab edir ki, əgər İranın mövcud rejimi hakimiyyətin əsas yükünü hökumətə və prezident institutuna ötürməsə, prezident üsul-idarəsinə keçid etməsə, rejimin çökməsi real ehtimal olaraq qalır:

"Proseslər məhz bu istiqamətdə inkişaf edir. Xamneyinin son açıqlamaları da göstərir ki, hakimiyyət geri çəkilmək niyyətində deyil. Əgər rejim islahatlardan imtina edərsə, ABŞ-ın İrana qarşı müəyyən hərbi əməliyyatlara əl atması ehtimalı da gündəmdədir.

Hazırkı daxili və regional şəraitdə qarşıdan gələn dövr İran üçün olduqca həlledici görünür. Mövcud proseslərin inkişafı göstərir ki, ölkə ciddi siyasi seçim qarşısındadır. Rejim ya idarəetmədə əsaslı dəyişikliklərə getməli, ya da daxili böhranla yanaşı xarici təzyiqlərin də artdığı daha mürəkkəb və təhlükəli mərhələyə qədəm qoymalı olacaq. Baş verənlər İranın siyasi gələcəyinin məhz bu mərhələdə formalaşacağını deməyə əsas verir".

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər