"2024-cü il dekabrın 25-də Rusiya hava məkanında baş vermiş Azərbaycan avialayneri ilə bağlı faciə artıq çoxdan aviasiya insidenti çərçivəsindən çıxaraq, Rusiya dövlət sistemində eyni fəlakətə dair bir-birini istisna edən versiyaların necə yanaşı mövcud ola bildiyini göstərən nümunəvi hadisəyə çevrilib".
Moderator.az xəbər verir ki, bu barədə "Caliber" "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunur.
Bildirilir ki, söhbət Bakı-Qroznı reysini yerinə yetirən AZAL aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin Rusiya HHM qüvvələri tərəfindən vurulmasından və nəticədə Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasından gedir:
"Hadisə nəticəsində 38 nəfər həlak olub, onlarla insan yaralanıb. Lakin bu gün problemin mahiyyəti təkcə insan faciəsinin miqyasında deyil, Moskvanın baş verənlərin səbəblərini necə izah etməsində və bu izahlara kimin inanmasını gözləməsindədir.
Qəza baş verən kimi "əlverişsiz hava şəraiti", "quşlarla toqquşma" və ya "qaz balonunun partlaması" kimi versiyaların son dərəcə şübhəli olduğu aydın oldu. Füzelyajda müşahidə olunan xarakterik zədələrin fotoları, sağ qalan sərnişinlərin havada qəfil zərbə, ani hermetikliyin pozulması və idarəetmə sistemlərinin sıradan çıxması barədə ifadələri - bütün bunlar adi aviasiya qəzasından deyil, xarici müdaxilədən xəbər verirdi.
Azərbaycan tərəfi hadisənin ilk saatlarından etibarən bu kimi hallarda yersiz olan diplomatik evfemizimlərin arxasında gizlənmədi və açıq şəkildə bəyan etdi: təyyarə Rusiya səmasında vurulub!".