“Rusiyanın nəfəsi də yalandır” – Deputatdan SƏRT AÇIQLAMALAR
Siyasət
1648
08 Jan 2026 | 12:58

“Rusiyanın nəfəsi də yalandır” – Deputatdan SƏRT AÇIQLAMALAR

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin növbəti qonağı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə olub. Deputat şimal və cənub qonşumuzla bağlı son məsələlərə dair sualları cavablandırıb. A.Mollazadə Rusiyanın vurulan təyyarə ilə bağlı tutduğu mövqedən və İrandakı etiraz aksiyalarının gedişatından danışıb.
 
- Asim müəllim, Rusiya İstintaq Komitəsinin sədri Bastrıkinin Bakıya göndərdiyi məktubdan məlum olur ki, təyyarənin hava şəraiti ilə əlaqədar qəzaya uğradığı qənaətinə gəlinib. Halbuki Lavrovun müavini Qaluzin Putinin Düşənbədə verdiyi vədlərə sadiq olduğunu açıqlamışdı. Bəs bu məktubla nə demək istədilər?
 
- Biz bu günə qədər Rusiyadan yalandan başqa heç nə eşitməmişik. Ona görə də növbəti yalanı uydurublar. Ümumiyyətlə, Rusiya bütün dünyaya yalan danışır. Onlar uşaq qatilləridir və beş ildir ki, Ukraynada dinc əhalini qətlə yetirirlər. Ona görə təyyarəni vurub 38 nəfərin həlak olmasına səbəb olmaq Rusiya üçün ciddi hadisə deyil. Rusiya İstintaq Komitəsinin rəyi də bunu sübut edir.
 
- Əgər Moskva məsələni birdəfəlik qapadırsa, bu, Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edəcək?
 
- Rusiyanın nəfəsi gedir-gəlir yalandır. Onlar bu məsələdə də öz xislətini nümayiş etdirirlər. Aydın məsələdir ki, təyyarəmizin vurulması işini bağlamaq istəyirlər. Ancaq biz sözümüzü demişik. Azərbaycan bütün qonşularla və ölkələrlə normal münasibətlərin tərəfdarıdır, əməkdaşlığın genişləndirilməsinə üstünlük verir. Biz Rusiya ilə də yaxşı münasibətlərin davam etməsini istəyirik. Ancaq onlar heç kəslə normal əlaqələr qura bilmir. Nəticəsi də göz qabağındadır – dünyanı özlərinə düşmən ediblər.
 
- Şimal qonşumuzla yanaşı cənub qonşumuz da Qərblə əlaqələri pozub, bu səbəbdən sanksiyalar altındadır, nəticədə neftin qiyməti ölkədə dolların bahalaşmasına gətirib çıxarıb. Necə bilirsiniz, hazırda buna etiraz olaraq keçirilən aksiyalar İranda rejimin çöküşünə gətirib çıxara bilərmi?
 
- İranda sosial vəziyyət həddən ağırdır. Tehran rejimi illərdir ki, ölkənin sərvətlərini, milyardlarını beynəlxalq terror təşkilatlarının fəaliyyətinə sərf edir, Yaxın Şərqdə müxtəlif qanunsuz silahlı birləşmələri dəstəkləyir. Ölkənin milyardlarının həmin terror şəbəkələrinə yönəldilməsi nəticəsində İranda sosial şərait pisləşib. Hərçənd həmin maliyyə əhalinin rifahına xərclənə bilərdi. Ona görə də xalq qəzəblidir və küçələrə çıxaraq etirazını bildirir. Amma proseslərin gedişini gözləmək lazımdır, yəni rejimin dağılması hadisələrin inkişafına bağlıdır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər