Zəngəzur dəhlizi haqda Zəfərə bərabər müjdə: “Heç bir problem qalmayıb!”
Siyasət
1899
07 Jan 2026 | 10:53

Zəngəzur dəhlizi haqda Zəfərə bərabər müjdə: “Heç bir problem qalmayıb!”

Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bir sıra məsələlərə geniş yer ayırdı, o cümlədən Zəngəzur dəhlizi mövzusuna. Dövlət başçısı İkinci Qarabağ müharibəsindən bir neçə ay sonra icrasına başlanılan, dəmir yolunun təməli 2021-ci ilin əvvəlində qoyulan Zəngəzur dəhlizi ilə bağlı hər zaman nikbin fikirdə olduğunu söylədi, “sözün düzü, məndə şübhə yox idi ki, bu yol açılacaq. Əgər şübhə olsaydı, yəqin ki, biz bu qədər vəsait qoymazdıq”, - deyə bildirdi. Vaxtilə etdiyi xəbərdarlığı da xatırlatdı: “Hətta müsahibələrin birində də demişdim ki, istənilən yolla açılacaq”.

Azərbaycan Prezidentinin “istənilən yolla” sözlərinin nəyə hesablandığını 44 günlük müharibədə ordusu darmadağın edilən, Qarabağda 25 min hərbçisi mühasirəyə salınandan sonra kapitulyasiya aktını imzalamağa vadar olan Ermənistan çox yaxşı bilir. Sülhməramlı dövlət başçısı zəruri qeydini də etməyi unutmadı: “Bəzən belə ritorikaya da ehtiyac var, çünki bu, qarşı tərəfi, necə deyərlər, yumşaq mənada həvəsləndirir”.

Prezidentin sonrakı dediklərindən əminlik hasil olur ki, artıq digər vasitəyə ehtiyac yoxdur, hərçənd bəzi dairələr çox istərdilər ki, dəhliz müharibəsi başlasın, Azərbaycan Zəngəzur dəhlizini tanklarla açsın, İlham Əliyevin xəbərdarlıqları kifayət etdi və Ermənistan reallığı anladı. Dövlət başçısı ötən ilin 8 avqustunda əldə olunmuş Vaşinqton razılaşmasının da önəmini vurğuladı, bildirdi ki, “bu məsələnin Amerikada Trampın iştirakı ilə həll olunması dəhliz mövzusunu artıq tamamilə həll edilmiş məsələ kimi ortaya qoydu.

Azərbaycan böyük vəsaitlər xərcləməklə, təkbaşına dəhlizin tikintisini həyata keçirir. Prezident ötən il Astana səfərində olarkən bəyan etmişdi ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsi 2026-cı ilin ikinci yarısınadək hazır olacaq, digər ölkələri də işləri sürətləndirməyə, 2028-ci ilin sonunadək başa çatdırmağa çağırmışdı. Məhz bundan sonra Ermənistanda tikinti tədarükünə başlanılması, Ermənistan-ABŞ danışıqlarında intensivlik, 2026-cı ilin ilk aylarında Ermənistana proqnozlaşdırılan səfərlər, təməlqoyma hazırlıqlarıının anonsunun verilməsi də həmin xəbərdarlıq-çağırışların məntiqi nəticəsi sayılmalıdır.

Ölkəmizin başçısı yerli telekanallara müsahibəsində bizim Ermənistan sərhədinə gedən yollarımızın - həm dəmir yolu, həm avtomobil yolunun demək olar ki, tezliklə hazır olacağını söyləməsi digər tərəfləri vaxt itirmədən işləri maksimum sürətləndirməyə çağırış sayılmalıdır. Prezident Vaşinqton razılaşmalarından irəli gələn öhdəliklərin maksimal sürətlə icra olunmasının vacibliyini elə ABŞ səfəri zamanı yerli mətbuata müsahibəsində söyləmişdi. Əvvəla, əbəs yerə niyə zaman itirilsin, bir halda ki, sülh paraflanıb, Zəngəzur dəhlizi – Tramp marşrutu ilə bağlı razılıq əldə olunub…İkincisi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan region arasında azı 33 ildir ki, quru əlaqəsi kəsilib, yüz minlərlə insan əziyyət çəkir. Bu ədalətsizliyin daha bir neçə il davam etməsi nə beynəlxalq hüquqa, nə insanlığa, nə də sülh prosesinə uyğundur.

Azərbaycan hissəsində dəhlizə aid avtomobil yolunun təxminən 95 faizi hazırdır. Dəmir yolunun fiziki hazırlığı isə 70 faizə çatıb. Ölkə başçısı bildirdi ki, biz hətta işi sürətləndirə də bilərik. Amma Ermənistan ərazisində hələ heç bir iş görülmədiyi üçün buna da böyük ehtiyac görmürük.

Sitat: “Çünki Ermənistan ərazisində 42 kilometr yol inşa edilməlidir. Paralel olaraq Naxçıvan ərazisində, - bildiyiniz kimi, yolun uzunluğu təxminən 190 kilometrdir, - onun böyük hissəsi var. Düzdür, vəziyyəti o qədər də yaxşı deyil, ancaq bu gün mövcud ola biləcək yükləri aparmaq üçün o yol kifayət edir. Həm Ordubad, həm də Sədərək istiqamətində olmayan hissələr də var. İndi biz orada olmayan dəmir yollarını tikməyə başlamışıq və hesab edirəm ki, bir-iki ilə o da başa çatacaq”.

O ki qaldı yolun qalan hissəsinə, Prezident buraya xarici investorların da dəvət edildiyini bildirərək, “kim istəyir, sərmayə qoysun. Bu sahəni də xarici investisiyalar üçün açıq etmişik” - dedi. Azərbaycan həm də beynəlxalq investorları işbirliyinə dəvət edir. İşləmək üçün daha nə lazımdır? Müharibə yoxdur, sülh şəraiti hökm sürür, dünyanın ən güclü dövlətində anlaşma əldə olunub, dəhliz də bir saylı ofisin rəhbərinin adını daşıyır. Üstəlik, bədnam “907-ci düzəliş”in də ömrünə bəlkə elə sayılı günlər, yaxud aylar qalıb. Faktiki olaraq bu prosesdə iştiraka mane olan hər hansı amil yoxdur. Bölgənin bəzi ölkələri də Zəngəzur dəhlizinin onlara hər hansı təhlükə yaratmayacağını getdikcə daha çox anlamağa başlayıblar. İnanmaq istəyirik ki, Prezidentin beynəlxalq müstəvidə geniş əks-reaksiya doğuran müsahibəsindən sonra ayrı-ayrı ölkələrin şirkətləri, iş adamları hərəkətə keçəcəklər, Zəngəzur dəhlizinin tikintisində iştirak istəklərini bildirəcəklər. Zəngəzur dəhlizi yalnız bir neçə ölkənin maraqlarını təmin etməyəcək axı. Ona gərə də gələcəkdə bu marşrutdan istifadəni haqq etmək üçün əllərini “daşın altına” qoymaları lazımdır. Söhbət o layihədən gedir ki, yükötürmə qabiliyyəti 15 milyon tona çatacaq. Üstəlik, həm Şərq-Qərb, həm də Şərq-Cənub, bəlkə də Şimal-Cənub yolunun bir qolu olacaq.

Dövlət başçısı Zəngəzur dəhlizinin nə qədər qiymətli bir layihə olduğunu detallarına qədər izah etdi.

Sitat: “Şimal-Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya-Azərbaycan-İran, yəni Rəşt-Astara yolu nəzərdə tutulur. Bu yol da vacibdir. Ancaq Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi – bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də ikinci yolu olacaq və təbii ki, yükaşırma qabiliyyəti artacaq. Yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq”.

Bu marşrutlara diqqət edəndə qlobal əhəmiyyət kəsb edən, Avropa ilə Çini birləşdirən Zəngəzur dəhlizinə qarşı çıxanların məram-məqsədini anlamaq olmur. Yəni hamıya faydalı, hamı üçün zərərsiz bir meqalayihə! Amma…Prezidentin sonrakı zəruri qeydi çox şeyi deyir:

“Qeyd etdiyim kimi, bunun əsas, necə deyərlər, istiqamətverici tərəfi də biz olacağıq. Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək”.

Deməli, Zəngəzur dəhlizinə qarşı çıxan tərəflər, paytaxtlar indiyədək Azərbaycanın dominantlığını sinirə, həzm edə bilmədikləri üçün dirəniş göstəriblər, başqa səbəb tapmaq mümkün deyil. Bu, “qonşumun iki gözünü çıxart, mənim də bir gözümü”, yanaşmasına bənzəyir. Amma daha keçməz, ideya qatarı sürət götürüb, üzü Zəngəzur dəhlizinə doğru gedir, onun qarşısına çıxmaq, yolunu kəsmək mümkünsüzdür, yollar tam hazır olmasa belə! Bu inamı bizə aşılayan Lider var: “Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur. Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur”.

Üstəlik, dövlət başçımızın dediyi kimi, ötən il Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı Türkiyə tərəfi qərar qəbul edib.

Sitat: “Beləliklə, Naxçıvandan Qarsa qədər və faktiki olaraq Türkiyənin dəmir yolları şəbəkəsinə tam bağlantı olacaq və bu da çox önəmli layihə sayılmalıdır. Çünki Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq olmalıdır və bütün bu layihələr təbii ki, koordinasiya şəklində aparılmalıdır. Azərbaycan ərazisində bütün bu yollar daha tez həll oluna bilər. Amma koordinasiya olanda xərclənən vəsaitə qənaət də olacaq. Çünki biz də bilməliyik, nə vaxt, hansı yolun seqmenti hazır olacaq ki, o vaxta qədər öz infrastrukturumuzu buna hazırlayaq. Amma yenə də deyirəm, bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb”. Bu, əminlik 44 günlük Vətən müharibəsindəki Zəfər müjdələrinə bərabərdir. Bu da olsun ZƏNGƏZUR TWITI!

Bu da son deyil: Azərbaycanın təşəbbüsü ilə Ağbənd qəsəbəsində Arazın üzərindən körpü də inşa edilir. Yəni bizim o bölgədən Qərb istiqamətinə və Cənub istiqamətinə əslində iki yolumuz olacaq. Biri Zəngəzur dəhlizi - Ermənistan üzərindən, biri isə Araz dəhlizi - İran üzərindən. Azərbaycan Araz üzərindəki körpünü də öz vəsaiti hesabına tikir, kimsədən dəstək gözləmədən. Vətəndaş məmnunluğu üçün daha bir alternativ: “Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik”.

Paralel qaydada Naxçıvan Muxtar Respublikasının şəhərlərinin Baş Planı da hazırlanır. Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, - indi orada böyük suvarma layihələri icra ediləcək, - istər turizm, bu bölgəni biz birləşdirəcəyik. Blokadadan xilas edilən Naxçıvan da inkişafının yeni mərhələsinə daxil olacaq! Əminliyə diqqət edin: “Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik. Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər”.

Fikrimizcə, hər şey deyildi, qaranlıq heç nə qalmadı. Həmişə aydınlıqda!

Elşad PAŞASOY, Musavat.com

Link kopyalandı!
Son xəbərlər