Siyasət
1962
06 Jan 2026 | 21:55

"Azərbaycan təbii qaz təminatında önəmli rol oynayan ölkədir"

"Ölkəmiz təbii qaz təminatında önəmli rol oynayan bir ölkədir. Bildiyimiz kimi, Azərbaycan zəngin təbii sərvətlərə malikdir və həm Avropa, həm də digər ölkələrə qaz tədarükü həyata keçirir". Bu fikirləri SİA-ya açıqlamasında ƏHD Partiyasının Baş katibi və politoloq Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bu sahədə ölkəmiz uzun müddətdir qaz ixrac edən ölkə kimi tanınır və geniş beynəlxalq əməkdaşlıq şəbəkəsinə malikdir: "Azərbaycan enerji siyasətini uzunmüddətli strateji planlama əsasında quraraq, regionda və daha geniş coğrafiyada etibarlı tərəfdaş imici formalaşdırıb. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün bir çox ölkələr üçün sabit və alternativ qaz təchizatçısı kimi qəbul olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyev də dünən yerli televiziya kanallarına verdiyi müsahibədə bu mövzunu geniş və çoxşaxəli şəkildə şərh edib. Prezident qeyd edib ki, Azərbaycan Avropa ölkələri və digər beynəlxalq tərəfdaşlar üçün mühüm qaz təminatçısıdır və bu rol ildən-ilə daha da güclənir. Xüsusilə Cənub Qaz Dəhlizi kimi strateji layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində tutduğu mövqeyi daha da möhkəmləndirib. Dövlət başçısı vurğulayıb ki, qardaş Türkiyə ilə qaz təchizatı sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri çərçivəsində Azərbaycan uzunmüddətli qaz tədarükü ilə Türkiyənin artan enerji ehtiyaclarını qarşılayır. Nəzərə almaq lazımdır ki, Türkiyənin özünün böyük təbii qaz ehtiyatları yoxdur və Azərbaycandan tədarük olunan qaz onun enerji balansında əsas və etibarlı mənbələrdən biri hesab olunur. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi və geostrateji baxımdan böyük önəm daşıyır. Bununla yanaşı, Prezident İlham Əliyev Suriyaya da müəyyən həcmdə qaz tədarükünün həyata keçirildiyini diqqətə çatdırıb. Müharibədən çıxmış və ağır sosial-iqtisadi problemlərlə üzləşən ölkələr üçün bu cür enerji dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu addımı ilə təkcə iqtisadi tərəfdaş deyil, eyni zamanda humanitar və regional sabitliyə töhfə verən məsuliyyətli dövlət olduğunu nümayiş etdirir.

Ümumilikdə, Azərbaycan qaz ixrac edən və beynəlxalq səviyyədə enerji təminatında etibarlı tərəfdaş kimi tanınan ölkədir. Ölkəmizin bu sahədə həyata keçirdiyi balanslı və uzaqgörən siyasət həm regional əməkdaşlığı gücləndirir, həm də qlobal enerji bazarında Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Bu fəaliyyətlərinə görə ölkəmizə təşəkkürümü bildirir, gələcəkdə də enerji sahəsində yeni uğurlar və davamlı inkişaf arzulayıram".

Link kopyalandı!
Son xəbərlər