Prezidentin müsahibəsində strateji mesajlar
Siyasət
1646
06 Jan 2026 | 21:37

Prezidentin müsahibəsində strateji mesajlar

Yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əslində illik hesabat deyil, post-müharibə dövrünün siyasi və ideoloji yol xəritəsini təqdim etdi. Bu müsahibə təkcə görülən işlərin icmalı yox, Azərbaycanın yaxın və orta perspektivdə özünü necə gördüyünün yol xəritəsi kimi çox dəyərlidir.

Müsahibədə sələnən əsas mesajların qısa xülasəsi haqqında aşağıdakıları xüsusilə qeyd etmək istərdim:

2025- ci il müharibədən sülhə keçidin siyasi möhürü

Cənab Prezident 2025-ci ili tarixi dönüş ili kimi xarakterizə edərək Ermənistan–Azərbaycan münaqişəsinin siyasi baxımdan tam olaraq gündəlikədn çıxdığını açıq şəkildə vurğuladı. Vaşinqtonda əldə olunan razılaşmalar döyüş meydanında qazanılmış Qələbənin diplomatik müstəvidə təsdiqi kimi təqdim olundu. “Sülh şəraitində yaşamağı öyrənirik” fikri isə post-müharibə psixologiyasının yeni mərhələsinə keçidi ifadə edir: artıq münaqişə yox, sülhün idarə edilməsi gündəmdədir.

Azərbaycan- ABŞ münasibətlərində yeni mərhələ

Müsahibədə ABŞ-la münasibətlərdə ciddi dönüş nöqtəsi kimi bədnam 907-ci düzəlişin icrasının dayandırıldığı və onun tamamilə ləğvi üçün Konqresə qanun layihəsinin təqdim olunduğu qeyd edildi. Cənab Prezident Tramp administrasiyası dövründə münasibətlərin praqmatik və nəticəyönlü xətt üzrə inkişaf etdiyini vurğuladı. Strateji İşçi Qrupunun yaradılması və gələcəkdə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması perspektivi Azərbaycan-ABŞ əlaqələrinin institusional mərhələyə keçdiyini göstərir. Zəngəzur dəhlizinin ABŞ səviyyəsində qəbul edilməsi isə bu layihəyə geosiyasi legitimlik qazandıran mühüm amil kimi təqdim olundu.

Zəngəzur dəhlizi artıq mübahisə predmeti deyil

Prezidentin mesajı aydındır: Zəngəzur dəhlizi reallaşacaq! Ermənistan üçün bu yolun açılmaması özünəqəsd olardı. Dövlət başçısı Zəngəzur dəhlizini təkcə regional yol deyil, eyni zamanda Şərq–Qərb və Şimal–Cənub marşrutlarını birləşdirən, Orta Dəhlizin ikinci xətti rolunu oynayan logistika super-arteriyası kimi qiymətləndirdi.

Türk Dövlətləri və təhlükəsizlik fəlsəfəsi

Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə hərbi təlimlər təşəbbüsü Azərbaycanın təhlükəsizlik yanaşmasının açıq ifadəsidir. Prezidentin “beynəlxalq hüquq artıq işləmir, güc əsas amildir” fikri Azərbaycanın klassik normativ diplomatiyadan realist, yəni realpolitik təhlükəsizlik fəlsəfəsinə keçdiyini göstərir. Məqsəd hərbi blok yaratmaq yox, əməkdaşlıq və çəkindiricilik mexanizmlərini gücləndirməkdir.

Çinlə münasibətlər: dərin strateji xətt

Müsahibədə Çinlə münasibətlər xüsusi yer tutur. Strateji və hərtərəfli strateji tərəfdaşlıq sənədləri, 4 milyard dollardan artıq ticarət dövriyyəsi, yaşıl enerji, elektrik nəqliyyatı, günəş panelləri, Orta Dəhliz kimi sahələrdə əməkdaşlıq Azərbaycanın Asiya istiqamətində uzunmüddətli strateji kursunun göstəricisidir. İlk dəfə hərbi-texniki əməkdaşlığın açıq şəkildə qeyd olunması bu münasibətlərin dərinliyini göstərir.

İqtisadiyyat: borcdan asılı olmayan model

Cənab Prezident Azərbaycanın iqtisadi göstəricilərini strateji üstünlük kimi təqdim etdi. Xarici borcun ÜDM-in təxminən 6 faizi səviyyəsində olması, valyuta və qızıl ehtiyatlarının borcu 16–17 dəfə üstələməsi dövlət borcunun artıq risk yox, idarə olunan alət olduğunu göstərir. Azərbaycan kreditlərdən imtina edə bilən nadir ölkələr sırasında yer alır.

Qarabağ və Şərqi Zəngəzur quruculuğu

Hazırda 70 minə yaxın əhalinin yaşadığı Qarabağ və Şərqi Zəngəzurda 2026-cı ilin sonuna qədər bu rəqəmin 120–140 minə çatacağı gözlənilir. Enerji layihələri, su anbarları, dəmir yolları, tunellər bölgənin yeni iqtisadi zonaya çevrildiyini göstərir. Prezidentin “keyfiyyət tarixdən önəmlidir” mesajı bərpanın sürət yox, davamlılıq üzərində qurulduğunu göstərir.

Ordu və müdafiə sənayesi

Dövlət başçısı Azərbaycan ordusunun 2020-ci illə müqayisədə bir neçə dəfə gücləndiyini vurğuladı. Müdafiə sənayesində 1,4 milyard manatlıq istehsal, 20-yə yaxın ölkəyə ixrac və 1 milyard dollarlıq ixrac hədəfi bu sahənin artıq iqtisadi və strateji sektora çevrildiyini göstərir. Özəl sektorun cəlbi isə yeni idarəetmə modelinə keçidin siqnalıdır.

Enerji strategiyası: təbii qaz və yaşıl enerji balansı

Azərbaycanın 14–16 ölkəyə boru kəmərləri ilə qaz ixrac etməsi qlobal miqyasda nadir göstəricidir. Paralel olaraq 2030-cu ilə qədər 6 GW, 2032-ci ilə qədər 8 GW bərpaolunan enerji hədəfi qoyulub. Yaşıl enerji daxili tələbatı ödəməklə təbii qaz ixracına qənaət edir və Azərbaycanın enerji diplomatiyasını daha da gücləndirir.

Dil və milli kimlik

Prezident İlham Əliyev Azərbaycan dilini dövlətçiliyin əsas sütunu kimi təqdim edərək xarici sözlərin nəzarətsiz artmasını milli kimliyə təhlükə kimi qiymətləndirdi. Medianın, ziyalıların və diasporun bu məsələdə xüsusi məsuliyyəti vurğulandı.

Bu müsahibə Azərbaycanın yaxın və orta dövrdə strateji yol xəritəsidir. Xarici auditoriyaya mesaj aydındır: “Bu regionda reallıqları biz müəyyən edirik.” Daxili auditoriyaya mesaj isə daha tələbkardır: “Sülh dövrü rahatlıq yox, məsuliyyətdir.”

Link kopyalandı!
Son xəbərlər