ADP İdarə Heyətinin toplantısı keçirilib
Siyasət
1592
05 Jan 2026 | 18:23

ADP İdarə Heyətinin toplantısı keçirilib

Ölkədəki qiymət artımının səbəbi kimi idarəçilikdəki qüsurlar göstərilib...  
 
Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair 2026-cı ilin ilk toplantısı keçirilib.
 
Toplantı iştirakçıları ilk növbədə Venesuelada baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıb və adı çəkilən ölkədə yaşanan gərginliklərin, kütləvi etirazların, adı çəkilən ölkə prezidentinin və həyat yoldaşının həbs edilməsi faktının bir qayda olaraq bu tipli dövlətlərdə diktatura rejiminin öz mahiyyətindən doğduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, azad xalq iradəsindən kənar, qeyri-qanuni yolla hakimiyyətə yiyələnmiş Maduronun uzun müddətli hakimiyyət dövrü öz xalqının sosial-iqtisadi çətinliklər içində yaşamasına, zəngin milli sərvətdən məhrum olunmasına, ölkəsində korrupsiyanın, monopoliyanın çiçəklənməsinə, azad fikrin boğulmasına, repressiyaların adi normaya çevrilməsinə, xalqın həyat səviyyəsinin getdikcə aşağı düşməsinə səbəb olmuşdur ki, bu da nəticə etibarı ilə onun digər diktatorlar kimi acı tale ilə üz-üzə qalmasına gətirib çıxarmışdır. Daxili etirazlara, beynəlxalq hüquqa məhəl qoymamaq, digər diktatura rejimləri ilə əlbir siyasət, ABŞ kimi dünya gücü ilə münasibətlərin yüksələn xətt üzrə kəskinləşməsi onun hakimiyyətdən analoqu olmayan şəkildə uzaqlaşdırılmasını şərtləndirən əsas səbəblər sırasına daxil edilməlidir. 
 
İdarə Heyəti, eyni zamanda diktatorların beynəlxalq hüququn tələblərinə uyğun şəkildə deyil, bir güc dövləti tərəfindən, onun iqtisadi maraqlarına zidd siyasət yürüdür deyə, bu cür cəzalandırılmasının da beynəlxalq hüququn ana prinsiplərinə qarşı olduğunu bildirib və bu faktı artıq BMT deyilən qurumun fəaliiyyətsizliyindən doğan president kimi dəyərləndirib. Partiya yetkililəri Venesuelada baş verən hadisələrdən digər diktatorların nəticə çıxarmasına, öz xalqlarına qarşı yürütdükləri repressiya siyasətindən uzaq durmasına, xalqların azad seçki iradəsinə, rifah içində yaşama haqqına hörmətlə yanaşmasına ümidvar olduğunu bildirib və beynəlxalq təşkilatları, arxa plana keçirilməsi insanlıq üçün təhlükə yaradan demokratik dəyərlərə sahib durmağa çağırıb. 
 
İdarə Heyəti qonşu İran dövlətində bir neçə gündür başlayan və getdikcə daha da geniş vüsət alan xalq etirazlarının adı çəkilən ölkədə yaratdığı gərginliklərdən, rejimin etirazçılara qarşı tətbiq etdiyi kobud zorakılıqlardan, ölüm faktlarından ciddi narahat olduğunu bildirib və bu ölkə rəhbərliyini hadisələrin eskalasiyasının qarşısını almaq üçün şiddətli üsullardan deyil, sivil qaydalardan istifadə etməyə çağırıb. İranda baş verən hadisələrin səbəbinə gəldikdə, partiya rəsmiləri bu qarşıdurmanın İranda mövcud olan dini klerikal rejimin öz xalqına qarşı aqressiv münasibətindən, ölkədə uzun illərdən bəri xalqın ağır sosial-iqtisadi durumda qalmasından, hökm sürən korrupsiya, monopoliya faktorundan, etnik azlıqlara ikili yanaşmadan, ölkənin böyük kəsimini təşkil edən türk soydaşlarımızın doğal hüquqlarının tapdalanmasından doğduğunu bildirib və İran rejimini insan hüquq və azadlıqlarına qarşı zidd siyasətdən geri durmağın vaxtı çatdığını bildirib. 
 
İdarə Heyəti ölkə prezident İ.Əliyevin Azərbaycana təşrif gətirmiş ABŞ nümayəndə heyəti ilə keçirdiyi görüşü, bu görüşdə hər iki ölkənin milli maraqlarını ifadə edən hərbi, siyasi sahədə aparılan müzakirələri təqdir edib və ABŞ ilə münaibətlərin daha həssas zəmində, qarşılıqlı faydalı əməkdaşlığın tələbləri səviyyəsində qurulmasının vacibliyini diqqətə çatdırıb. 
 
İdarə Heyəti Rusiya ilə Ukrayna arasında davam edən müharibənin region və dünya üçün doğuracağı acı nəticələrdən bir daha narahat olduğunu bildirib və dünya güclərinin, beynəlxalq təşkilatları qanlı müharibəyə susamış Putin Rusiyasını durdurmaq üçün ciddi tədbilər almağa, ədalətli, beynəlxalq hüququn tələblərinə zidd olmayan sülh sazişinin əldə edilməsi üçün səylərini birləşdirməyə, hər iki xalqı əldən salan bu qanlı müharibənin tezliklə başa çatması üçün effektli addımlar atmağa çağırıb. 
 
İdarə Heyəti ölkədəki enerji resurslarının son qiymət artımını da müzakirə edib. Müzakirələrdə baş verən qiymət artımı kəskin şəkildə tənqid edilib. Qeyd edilib ki, ölkədə durmadan davam edən qiymət artımı təbii-iqtisadi səbəblərdən deyil, idarəçilikdə şəffaflığın olmaması, korrupsiya, rüşvətxorluq, monopoliya, idarəçilik üzərində ictimai nəzarətin olmaması kimi idarəçilikdəki qüsurlardan qaynaqlanır. İdarə Heyəti vətəndaşları var-yoxdan çıxaran süni qiymət artımının qarşısının alınması istiqamətində hökuməti real sosial-iqtisadi islahatlar aparmağa çağırıb.    
 
Link kopyalandı!
Son xəbərlər