QHT sektorunda yeni keyfiyyət mərhələsi: institusional islahatlar və dövlət–cəmiyyət münasibətlərinin güclənməsi
Siyasət
232
30 Dec 2025 | 22:24

QHT sektorunda yeni keyfiyyət mərhələsi: institusional islahatlar və dövlət–cəmiyyət münasibətlərinin güclənməsi

Hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında yeni və mühüm bir mərhələnin əsasını qoyur. 
 
Bu sənəd təkcə texniki və inzibati dəyişiklikləri deyil, eyni zamanda dövlətin QHT sektoruna münasibətində daha sistemli, şəffaf və institusional yanaşmanın formalaşdırıldığını nümayiş etdirir.
 
Fərmanın ən mühüm yeniliklərindən biri “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminin yaradılması və QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” prinsipinin tətbiqidir. İndiyədək qeyri-hökumət təşkilatlarının müxtəlif dövlət qurumları, fondlar və agentliklər tərəfindən bir-birindən asılı olmayan mexanizmlərlə maliyyələşdirilməsi pərakəndəlik, mövzu və prioritetlərin təkrarı, eləcə də dövlət siyasətinin icrasında koordinasiya problemləri yaradırdı.
Yeni mexanizm bu çatışmazlıqları aradan qaldıraraq dövlət dəstəyinin vahid platforma üzərindən planlı, şəffaf və məqsədyönlü şəkildə həyata keçirilməsinə imkan verir. Nəticə etibarilə büdcə vəsaiti hesabına maliyyələşən QHT layihələri dövlət prioritetləri ilə daha sıx uzlaşdırılır, resurslardan səmərəli istifadə təmin olunur və ictimai faydalılıq əmsalı yüksəlir.
 
Fərmanla Agentliyin idarəetmə modelində edilən dəyişikliklər də xüsusi diqqətə layiqdir. İcraçı direktor institutunun İdarə Heyəti ilə əvəz olunması qərarların tək şəxs tərəfindən deyil, kollegial şəkildə qəbul edilməsini təmin edir. Bu yanaşma məsuliyyətin bölüşdürülməsinə, qərarların daha balanslı və əsaslandırılmış şəkildə qəbuluna, eləcə də institusional sabitliyin və davamlılığın gücləndirilməsinə xidmət edir.
 
Cənab Prezidentin imzaladığı digər mühüm sənəd – QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncam bu islahatların məntiqi davamıdır. Müşahidə Şurasının tərkibi və formalaşdırılma mexanizmi də aparılan institusional islahatların mahiyyətini aydın şəkildə ortaya qoyur. Şuranın üzvlərinin sayının 11 nəfərdən 7 nəfərə endirilməsi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq məqsədi daşıyır. 7 nəfərlik tərkibdə 4 üzvün vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən, 3 üzvün isə dövlət orqanlarının nümayəndələrindən formalaşdırılması balanslı və inklüziv yanaşmanın bariz nümunəsidir. Bu model həm dövlətin strateji maraqlarının, həm də vətəndaş cəmiyyətinin müstəqil baxışının qərar qəbuletmə prosesində təmsil olunmasını təmin edir.
 
Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, Müşahidə Şurasının sədri vətəndaş cəmiyyəti nümayəndələri arasından seçilir. Bu prinsip dövlət başçısının QHT sektoruna göstərdiyi yüksək etimadın, habelə vətəndaş cəmiyyətinə verdiyi strateji önəmin açıq və institusional təsdiqi kimi dəyərləndirilməlidir. Bu yanaşma ictimai nəzarətin real tətbiqinə və dövlət–cəmiyyət tərəfdaşlığının daha sağlam əsaslar üzərində qurulmasına xidmət edir.
 
Aparılan islahatlar göstərir ki, Azərbaycan dövləti QHT-ləri yalnız maliyyə dəstəyi alan subyektlər kimi deyil, dövlət siyasətinin icrasında etibarlı tərəfdaşlar kimi görür. Bu yanaşma vətəndaş cəmiyyətinin institusional güclənməsinə, ictimai iştirakçılığın real məzmun qazanmasına və dövlət–cəmiyyət münasibətlərinin daha sağlam əsaslar üzərində qurulmasına xidmət edir.
 
Fürsətdən istifadə edib, yeni təyinatları münasibətilə Müşahidə Şurasının üzvlərini ürəkdən təbrik edir, onlara bu məsul vəzifənin icrasında uğurlar arzulayıram.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün ardıcıl və məqsədyönlü addımlar atan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə QHT sektoruna göstərdiyi davamlı dövlət qayğısına və həyata keçirdiyi islahatlara görə dərin minnətdarlığımı bildirirəm.
 
Azay Quliyev, millət vəkili

 

Link kopyalandı!
Son xəbərlər