“Qərbi Azərbaycan məsələsi mahiyyət etibarilə siyasi məsələ deyil. Bu məsələ ilk növbədə tarixi ədalət, insan hüquqları, mədəni irsin qorunması və humanitar yaddaş problemidir”, –
Bu fikirləri tanınmış jurnalist, Qərbi Azərbaycanla bağlı bir çox elmi məqalələrin müəllifi, filologiya üzrə fəlsəfə doktoru Şəfahət Avılbəyli Moderator.az - a açıqlama verərkən bildirib.
Onun sözlərinə görə, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların taleyi siyasi manipulyasiya mövzusu ola bilməz. Bütün elmi araşdırmalar və tarixi faktlar ortaya qoyur ki, “XIX–XX əsrlər boyunca yüz minlərlə azərbaycanlı doğma yurdlarından zorla köçürülüb. Bu proses könüllü miqrasiya da deyil, məcburi köçürülmə xarakteri daşıyıb. İstər 1918-ci il hadisələrinə baxışda, istərsə də 1948-1953 və 1988-ci il köçürülmələri beynəlxalq hüquq normaları baxımından ciddi insan hüquqları pozuntularıdır və bu proseslər rəsmi arxiv sənədlərində öz əksini tapmışdır, – deyə o vurğulayıb.
Ş. Avılbəyli qeyd edib ki, Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus məscidlərin, qəbiristanlıqların, tarixi abidələrin və toponimlərin məhv edilməsi və ya dəyişdirilməsi mədəni irsin sistemli şəkildə silinməsi təkcə bir xalqın deyil, ümumbəşəri mədəni dəyərlərin itirilməsi deməkdir.
Açıqlamada vurğulanıb ki, Qərbi Azərbaycan məsələsinə yanaşma siyasi ritorika üzərində deyil, elmi araşdırmalar, tarixi sənədlər və beynəlxalq hüquq prinsipləri əsasında formalaşmalıdır. Ş. Avılbəylinin sözlərinə görə, problemin məhz bu kontekstdə təqdim olunması onun beynəlxalq akademik və humanitar platformalarda daha düzgün anlaşılmasına imkan yaradar.
Bu faktların gündəmə gətirilməsi kimlərisə narahat etməməlidir. Ş. Avılbəyli bildirib ki, bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən qayıdış planı beynəlxalq hüquqa və humanitar prinsiplərə əsaslanan konseptual yanaşma kimi dəyərləndirilməlidir.
Onun sözlərinə görə, sözügedən plan hər hansı siyasi və ya ərazi iddiası deyil, zorla doğma yurdlarından didərgin salınmış insanların təhlükəsiz, ləyaqətli və könüllü qayıdış hüququnun tanınmasına yönəlib.
Filologiya üzrə fəlsəfə doktoru qeyd edib ki, Prezident İlham Əliyevin çıxışlarında Qərbi Azərbaycan məsələsi ardıcıl olaraq sülh, dialoq və beynəlxalq hüquq müstəvisində təqdim olunur. “Bu yanaşma göstərir ki, qayıdış tarixi ədalətin bərpasına, mədəni irsin qorunmasına və regionda uzunmüddətli sabitliyə xidmət edir”, – deyə o vurğulayıb.
Açıqlamada həmçinin qeyd olunub ki, qayıdış planının elmi, hüquqi və humanitar əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılması Qərbi Azərbaycan məsələsinin düzgün anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır.