Siyasət
153
12:15, Bu gün

"İrəvana gedən yol nəhayət, açıldı, qatarlarımız ilk ziyarətçilər oldular" - Zahid Oruc

"2025-ci il dünyada hərbi-siyasi böhranlar və iqtisadi sınaqlar ili oldu. Yaxın Şərqdə xaosun coğrafiyası genişləndi, 70 mindən artıq insan həyatını itirdi. Şimal sərhədimizdə Rusiya-Ukrayna müharibəsi 4-cü ilini tamamlamağa yaxındır və artıq regional yox, qlobal hərbi savaşdır".
 
Moderator.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
 
O qeyd edib ki, cənub tərəfdə, İsrail-İran arasında 40 illik soyuq müharibə 12 günlük qitələrarası hərbi toqquşma mərhələsinə keçdi: "Dünya enerji bazarları davamlı qeyri-sabitlik yaşadı. Dövlətlərin bir çoxu suverenliklərini itirdilər. 2025-ci il bir həqiqəti açıq göstərdi: köhnə beynəlxalq qaydalar artıq işləmir, yeniləri isə hələ yazılmayıb.
 
Lakin qlobal təhlükələr şəraitində Azərbaycan dövləti prezident İlham Əliyevin liderliyi ilə 145 rəsmi görüş, 25 mühüm beynəlxalq platfromada çıxış və imzalanan çoxsaylı strateji sənədlərlə Qələbəmizi möhkəmləndirdi.
 
Aktiv xarici siyasətimiz 50-dən çox ölkəni və beynəlxalq təşkilatı, dörd qitəni əhatə etdi. ABŞ, Çin, Avropa İttifaqı, Türkiyə, Pakistan, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri ilə eyni vaxtda dialoq aparıldı.
 
Azad Şuşa təkcə mədəniyyət mərkəzi yox, siyasi paytaxta və onlarla dövlət başçısının ziyarət etdiyi ünvana çevrildi.
 
İrəvana gedən yol nəhayət, açıldı, qatarlarımız ilk ziyarətçilər oldular.
 
Minsk qrupunun ləğvi ilə işğal üzərində qurulan ədalətsiz geosiyasi mexanizm tarixə qovuşdu. Bəli, yeni dünya nizamı, qalib geosiyasi arxitektura belə qurulur”.
 
Deputat bildirib ki, Rusiya ilə soyuq müharibə şəraitində milli maraqlarımızı qoruduq, İran kimi imperiya varisi ilə tarazlığı saxladıq: “Türk dünyasında siyasi gündəliyi müəyyənləşdirən əsas dövlətə çevrildik. Göründüyü kimi, ölkəmiz beynəlxalq siyasətin obyekti deyil, subyektidir.
5 illik yubileyini təntənə ilə keçirdiyimiz Qələbəni dünyanın ən güclü dövlətində-ABŞ-da legitimliyini qəbul etdirmək təkcə bir ilin və regionun deyil, bütün siyasi tariximizin və dünyanın ən böyük nailiyyətidir.
 
Zəfərimizin yaşı artdıqca-2030-2040-cı illərdə artıq faciə və soyqırımlar tarixə çevriləcək, nəsillərarası günahkarlıq sindromu və genetik qorxularımız keçmişdə qalacaq, işğalı, qaçqınlığı və didərginliyi görməyən, bütöv Vətənin övladları-yeni nəsil dünyaya gələcək, yeni milli kimlik qazanacağıq.
 
Əlbəttə, hər bir vətəndaş haqlı olaraq, yaxşı həyat, sabit gəlir və dayanıqlı iş yeri istəyir. 2025-ci ildə inflyasiya, ərzaq məhsullarının qiymət artımı, paytaxt və bölgələr arasında inkişaf fərqləri hələ də qalır. Lakin parlaq Zəfəri xalqımıza qazandıran lider bütün vətəndaşlarımızı layiqli rifaha qovuşdurmağa qadir tək dövlət başçısıdır.
 
Azərbaycan növbəti ilə başqa xalqlar kimi, təhlükəsizlik axtarışları ilə deyil, ilk dəfə bütövlük və suverenlik şəraitində Qələbəmizin siyasi coğrafiyasını genişləndirmək üçün daxil olur.
 
Ali Baş Komandanın məqsədi Cənubi Qafqazda davamlı sülh yaratmaq və gələcək nəsillərə müharibəsiz, qorxusuz, bütöv Vətən miras qoymaqdır”.
Link kopyalandı!
Son xəbərlər