Siyasət
353
19:21, Bu gün

"Niyə Prezident İlham Əliyev Sankt-Peterburq sammitində iştirak etmədi?" - Hikmət Cavad

"Cəzasız qalan cinayət və tələb olunan ədalət..."
 
Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer E190" sərnişin təyyarəsinin faciəsindən bir il ötür.
 
Moderator.az xəbər verir ki, bu barədə "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu"  Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavad "gordonua.com" nəşrində yazıb.
 
Faciə və qəhrəmanlıq
 
Müəllif xatırladır ki, hadisə nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər, o cümlədən iki ekipaj üzvü sağ qalıb. Lakin bu statistika təkcə rəqəmlərdən ibarət deyil, onun arxasında misilsiz peşəkarlıq və fədakarlıq dayanır.
 
Xüsusilə kapitan İqor Kşnyakinin soyuqqanlılığı və son ana qədər göstərdiyi qətiyyət onlarla insanın həyatını xilas etdi. Təəssüf ki, kapitanın özü və ikinci pilot sağ qalmadı. Onların, eləcə də bort bələdçisi Hökumə Əliyevanın ölümündən sonra Milli Qəhrəman adına layiq görülməsi tam haqlı və ədalətli qərar oldu.
 
Raket zərbəsi və susdurulan faktlar
 
Azərbaycan cəmiyyətinə artıq çoxdan məlumdur ki, bu qəzanın əsl səbəbi texniki nasazlıq deyil. Təyyarə Qroznı üzərində pilotsuz uçuş aparatlarının aktiv olduğu anda Rusiya HHM sisteminə aid "Pantsir-S" kompleksindən buraxılan "yer-hava" tipli raketlə vurulub. Partlayışın qəlpələri sərnişinlərə və ekipaj üzvlərinə ölümcül xəsarətlər yetirib.
 
Eyni zamanda, təyyarənin rabitə sistemləri radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb. "Kovyor" əməliyyatı - hava məkanının bağlanması artıq təyyarə vurulduqdan sonra elan edilib. Bu isə ekipajı alternativ qərarlar vermək imkanından faktiki olaraq məhrum edib.
 
Bakı açıq danışdı, Moskva yayınmağa çalışdı
 
Prezident İlham Əliyev hələ bir il əvvəl açıq şəkildə bəyan etmişdi ki, bu faciəyə görə məsuliyyət Rusiya tərəfinin üzərinə düşür. Onun mövqeyi emosiyalara deyil, faktlara əsaslanırdı. Buna baxmayaraq, Rusiya rəsmi qurumları hadisəni ört-basdır etməyə çalışdı, hətta "qaz balonunun partlaması" kimi açıq-aşkar alçaldıcı və əsassız versiyalar irəli sürdü.
 
Uzun müddət məsuliyyət inkar edildi, Rusiya mediasında anti-Azərbaycan ritorikası gücləndirildi. Yalnız aylar sonra Vladimir Putin İlham Əliyevlə görüş zamanı ölkəsinin məsuliyyətini etiraf edib üzr istədi. Lakin bu etiraf real nəticələrlə müşayiət olunmadı.
 
Cəzasızlıq və siyasi mövqe
 
Əsas problem bu gün də qalmaqdadır: günahkarlar hələ də cəzalandırılmayıb. Məhz bu səbəbdən prezident İlham Əliyev Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitində iştirak etmədi. Kremlin sözçüsü Dmitri Peskovun səfəri əvvəlcədən elan etməsi isə beynəlxalq miqyasda ciddi nüfuz itkisi ilə nəticələndi.
 
Bu hadisə Rusiya hakimiyyətinin məsuliyyətdən yayınma siyasətinin növbəti nümunəsi - Ukraynaya qarşı törədilən cinayətlərin inkarı ilə eyni xəttin davamı oldu. Bir il keçib, həqiqət bəllidir. İndi tələb olunan söz deyil, ədalətdir. Azərbaycan ardıcıl, prinsipial və beynəlxalq səviyyədə  bu ədaləti tələb etməkdə davam edəcək. Cəzasızlıq yeni faciələrə yol açır. Tarix isə gec-tez hər kəsi öz yerinə qoyur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər