Qüdrət Həsənquliyev qanun layihəsi ilə bağlı təkliflə çıxış etdi
Siyasət
857
13:10, Bu gün

Qüdrət Həsənquliyev qanun layihəsi ilə bağlı təkliflə çıxış etdi

“Bu qanun layihəsini dəstəkləyəcəyəm, amma 246-cı maddənin bir və ikinci hissələrinin sanksiyaları ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bilirsiniz ki, herostratik şöhrət anlayışı var. Hələ eramızdan əvvəl Herostrat adında bir şəxs Efesdə dünyanın 7 möcüzəsindən biri olan Artemida məbədini yandırmışdı ki, tanınsın və tarixdə qalsın. Ona görə də pis və əxlaqsız işlər görməklə tarixdə qalmaq istəyən insanlar olub və bundan sonra da yəqin ki, olacaq. Belələri var”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
 
Millət vəkili bildirib ki, mədəni sərvətləri qəsdən korlayan şəxs ictimaiyyət üçün olduqca təhlükəlidir: “Ona görə ki, bu şəxslər bilirlər ki, həmin mədəni sərvətləri bərpa etmək mümkün olmur. Tutaq ki, hər hansı rəsm əsərinin üzərinə kimyəvi tərkibli maddələr atır, yaxud hansısa bir sənət əsərini məhv edir. Yəni bunların bərpa olunması mümkün olmur. Bu da həmin şəxsin son dərəcə ictimai təhlükəli bir şəxs olmasının gösətricisidir. Ona görə də bu normaların sanksiyaları alternativ cəzalar nəzərdə tutsa da, təklif edirəm ki, bu alternativ cəzalar olmamalıdır. Ümumiyyətlə, mən özüm xarakter etibarı ilə bir hüquqşünas olaraq hər zaman söyləmişəm ki, cinayətkarlığa qarşı mübarizədə cəzaların sərtləşdirilməsi yox, cəzanın labüdlüyünü təmin etmək lazımdır. Yəni cinayət törədən şəxs bilməlidir ki, o, hansısa bir cinayət hadisəsi törədirsə, rüşvət verməklə, yaxud kimlərinsə təsiri, himayəsi ilə o cinayət məsuliyyətindən yaxa qurtara bilməyəcək.
 
Yaxud da, əgər hüquq mühafizə orqanlarının peşəkarlığını şübhə altına alırsa, fikirləşirsə ki, onlar bu cinayətin üstünü aça bilməyəcəklər, onda insanlar bu hallarda cinayət törədirlər. Əlbəttə, sərt cəzalar təyin olunmalıdır. Xüsusilə də şəxsiyyət əleyhinə ağır cinayət törətmiş şəxslərə, o cümlədən bu cür mədəni sərvətləri qəsdən məhv edən insanlara.
 
Ona görə də hesab edirəm ki, burada sanksiya belə yazılmalıdır: Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hörmətli Əli Hüseynli qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektə müraciət edə bilər ki, misal üçün birinci hissənin sanksiyası bu formada verilsin: 2 ilə qədər azadlıqdan məhrumetmə və cinayət nəticəsində vurulmuş ziyanın 2 mislinə qədər cərimə. Burada cərimə artıq əsas cəza növü kimi yox, əlavə cəza növü kimi nəzərdə tutulsun. Amma heç olmasa mədəni sərvəti korlayan və məhv edən şəxslər ən azından bilsinlər ki, onlar 2 il müddətinə azadlıqdan məhrum ediləcəklər. Mənim təklifim bundan ibarətdir”.
Link kopyalandı!
Son xəbərlər