Siyasət
337
25 Dec 2025 | 23:54

"Azərbaycan Hava Yolları" qəzasının ildönümü: sağ qalanlar ədalət tələb edir" - "Euronews"

"Bu qəza həyatımda dərin iz qoydu, insan həyatının nə qədər dəyərli olduğunu daha yaxşı anladım..."

2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan 8432 saylı reys qəza edib, nəticədə 38 nəfər həlak olub, 29 nəfər yaralanıb. Rusiya HHM raketi təyyarəyə uçuş zamanı zərbə vuraraq kritik zədələr yaradıb.

Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.

Rusiya məsuliyyət daşımalıdır

Nəşr qeyd edir ki, sağ qalanlar və qurbanların yaxınları "Azərbaycan Hava Yolları"nın təyyarəsinin qəzasının ilk ildönümü ərəfəsində ədalət tələb edirlər. İldönümünün tamamında sağ qalanlar və ailələr ədalətin bərpası üçün mübarizəni davam etdirir, araşdırma isə hələ də davam edir.

Qəzanın Rusiya HHM raketi səbəbindən baş verdiyi üzə çıxandan sonra Kreml əvvəlcə məsuliyyətini inkar edib. Lakin Bakı və prezident İlham Əliyev ilkin araşdırma nəticələrinə və şahid ifadələrinə əsaslanaraq Moskvaya məsuliyyət daşımasını tələb edib.

Oktyabr ayında isə Rusiya prezidenti Vladimir Putin qəzanın baş verməsində rolunu etiraf edib. Hadisə aviaşirkətin tarixində belə miqyaslı ilk qəza idi. Qəzanın daha çox tələfatla nəticələnməməsi pilotların qəhrəmanlığı sayəsində mümkün olub, hər iki pilot hadisə zamanı həlak olub.

Sağ qalanların xatirələri

36 il kabina heyətində çalışmış və hazırda inspektor vəzifəsində işləyən Zülfüqar Əsədov sağ qalanlar arasındadır. Hər gün həmkarlarının şəkillərinin olduğu memoriala baş çəkir.

"Yaxınlarda Aktau şəhərinə səfər etdik və hadisə yerində olduq. Bu yerləri gördükdə dərin sarsıntı keçirdim. Sanki həmin günləri yenidən yaşayırdım", - deyə Əsədov bildirib.

O, əlavə edib: "Bu qəza həyatımda dərin iz qoydu. İnsan həyatının nə qədər dəyərli olduğunu daha yaxşı anladım. Bir çox şeylərə münasibətim dəyişdi - əvvəl adi görünən şeylər indi daha vacib görünür".

Əsədov qəzanın baş verməsinə yaxın anlarda təyyarədəki atmosferi də xatırlayıb: "Təlimlər və stresli vəziyyətlərdə düzgün hərəkət etmə bacarığımız mənə sakit qalmağa kömək etdi. Emosiyaları bir kənara qoyub maksimum faydalı olmağa çalışdım", -  deyə o, qeyd edib.

"Ədalət bərqərar olacaq"

Sağ qalan sərnişinlər partlayış səsi eşitdiklərini, sonrasında isə təyyarəyə raket parçalarının dəyərək gövdəyə ciddi ziyan vurduğunu bildiriblər. Azərbaycan hökuməti açıqlayıb ki, təyyarə uçuş zamanı yaxınlıqda partlayan Rusiya zenit raketi tərəfindən vurulub və ölümcül zədələr alıb.

Qəza günündən sonra Azərbaycan hökuməti "Euronews"-a bildirib ki, zədələnmiş təyyarə pilotların istəklərinə baxmayaraq Rusiya hava limanlarından heç birinə eniş edə bilməyib və nəticədə Xəzər dənizini keçərək Qazaxıstan istiqamətində uçmalı olub.

Moskva əvvəlcə hadisədə iştirakını inkar edib, qəzanın quşlarla toqquşma nəticəsində baş vermiş ola biləcəyini versiyasını irəli sürüb. Sonradan isə Putin faciə üçün üzr istəyib, amma məsuliyyəti qəbul etməyib.

Təxminən bir il sonra Rusiya prezidenti etiraf edib ki, Çeçenistan paytaxtında ukraynalı pilotsuz aparatların ola biləcəyi barədə siqnal almış Rusiya HHM sistemləri təyyarəni vurmaqda məsuliyyət daşıyır və kompensasiya təklif edib.

Qəza zamanı həlak olanlardan biri Hamlet İsmayılovun oğlu İsmayıl idi, onun 38 yaş var idi. "Youtube və digər mənbələrdə bu təyyarənin qəsdən vurulduğunu göstərən videolar var", - deyə İsmayılov bildirib. "Hadisədən bir il keçdi və biz inanırıq ki, məsul şəxslər tezliklə müəyyən ediləcək və cavabdehlər  tutulacaq. Həlak olanların ailələri və sağ qalanlar ədalətin bərpa olunmasını gözləyirlər".

O, əlavə edib: "Maşını yuyarkən yuyucu mənə dedi ki, bizim təyyarəmiz Qazaxıstanda qəzaya uğrayıb. O vaxt ciddi qəbul etmədim, amma məlumat yadımda qaldı. Sonra onun həyat yoldaşı Leylanın evinə getdim, artıq insanlar yığışmışdı. Dedilər ki, İsmayıl qəza edib və həlak olub". "Çox açıq fikirli insan idi, yaxınlarını və dostlarını çox qiymətləndirirdi. Mənim və oğlumun ailəsini tanıyan hər kəs qəzadan sonra mənə zəng edib və yazıblar".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər