Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış, Bakı-Qroznı reysi yerinə yetirən və Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Embraer 190" təyyarəsinin qəza səbəblərini araşdıran komissiya mərkəzi texniki xidmət kompüterinin (Central Maintenance Computer) kassetinin tədqiqatının tamamlanmasını gözləyir.
Moderator.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi aralıq hesabatda bildirilir.
Bundan əlavə, komissiya münaqişə zonalarının üzərində və ya yaxınlığında uçuşların yerinə yetirilməsi zamanı risklərin qiymətləndirilməsinin təhlili üzrə işçi qrupunun hesabatının formalaşdırılmasını gözləyir.
"Araşdırma komissiyası tarazlı mövqe tutur və bütün nəticələr obyektiv olacaq, yalnız faktlara əsaslanacaq. Aviasiya hadisəsinin araşdırmasının yekun hesabatı Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin saytında dərc ediləcək", - sənəddə deyilir.
Həmçinin bildirilir ki, araşdırma komissiyası tərəfindən iki işçi qrupu formalaşdırılıb. Onlardan biri münaqişə zonalarının üzərində və ya yaxınlığında uçuşların yerinə yetirilməsi zamanı risklərin qiymətləndirilməsinin təhlili üzrə işçi qrupudur.
Komissiya Rusiya Federasiyasının və Azərbaycan Respublikasının aviasiya hakimiyyət orqanları, həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən təqdim edilmiş, risklərin qiymətləndirilməsi prosedurlarının təşkili və həyata keçirilməsinə dair sənədləri təhlil edir. Bu iş çərçivəsində uçuşların təhlükəsizliyinin təmin edilməsində mülki və hərbi sektorların qarşılıqlı əlaqəsi məsələləri də nəzərdən keçirilir.
Göstərilən məsələnin öyrənilməsi araşdırmanın əhəmiyyətli elementlərindən biridir və məqsədi qəbul edilmiş tədbirlərin qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək və aviasiya hadisəsinin inkişafına təsir göstərə biləcək mümkün kənaraçıxmaları aşkar etməkdir.
Hidravlik sistemin fraqmentlərinin məkan əlaqəsini bərpa etmək məqsədilə yerləşdirmə üzrə ikinci işçi qrupu yaradılıb və Aktau şəhərində 2 nömrəli hidravlik sistemin elementlərinin yerləşdirilməsi (rekonstruksiyası) həyata keçirilib. İş tamamlanıb, təhlil aparılır.
Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. Cari il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.