25 dekabr 2024-cü il. Səhər. Azərbaycanda Yeni ilin gəlişinə sayılı günlər qalıb. Ölkə dekabr ayında ənənəvi intizarını yaşayır. İlk baxışdan belə görünür ki, bu sakit ritmi heç nə poza bilməz. Heç bir şey bu günün fərqli şəkildə xatirələrdə qalacağını vəd etmirdi.
Amma faciə məhz elə bu vaxt baş verdi. Əvvəlcə təkəmseyrək, ziddiyyətli məlumatlar səsləndi. Bu qısa ifadələrə ilk başda ciddi əhəmiyyət vermirsən. Sonra düzgün olmayan rakursdan, tələskənliklə çəkilmiş video. Təyyarə... Yavaş-yavaş anlayırsan. Artıq geridönüşü mümkün olmayan bir şey baş verib. Heç nəyi təxirə salmaq, dəyişmək mümkün deyil. Tam dərk edə bilmirsən, bunun üçün çox tezdir. Hər şey elə sürətlə baş verib ki, inana bilmirsən.
Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" sərnişin təyyarəsi Qroznı səmasında vuruldu. Təyyarə xarici təsirə məruz qaldı. Bunu sonradan gövdəyə dəymiş ziyanın görüntüləri də təsdiqləyəcək - deşib-keçən elementlərin yaratdığı səciyyəvi, çoxsaylı zədələr.
Amma dekabrın 25-də, səhər insanlar hələ bu terminləri bilmirdilər. Onlar, sadəcə olaraq, ekranlara baxır və kiminsə indicə "Hər şey qaydasındadır" deyəcəyini gözləyirdilər.
Bu, baş vermədi.
Ətraflı - "Caliber"in analitik videosüjetində: