AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür - FOTO
Siyasət
201
00:01, Bu gün

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür - FOTO

Bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında kənar təsirlər nəticəsində qəzaya uğramasından bir il ötür.

Moderator.az xatırladır ki, qəza nəticəsində 38 nəfər həlak olub.

Hadisə necə baş vermişdi?

Dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus "J2-8243" nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli təyyarə təcili eniş zərurəti ilə əlaqədar Aktau şəhəri istiqamətinə yönəldilib və şəhərdən 3 km aralıda qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb.

Sankt-Peterburq şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən təyyarə qəzası barədə məlumat verilib və dövlətimizin başçısı dərhal Bakıya geri qayıtmaq barədə tapşırıq verib.

Elə həmin vaxt Prezidentin sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq məqsədilə Baş nazir Əli Əsədovun rəhbərliyi altında Dövlət Komissiyası yaradılıb. Bundan başqa, hadisəni yerində araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti qurumların nümayəndələri Qazaxıstanın Aktau şəhərinə ezam olunublar.

AZAL təyyarəsinin qəzasından bir il ötür

Araşdırmanın ilkin nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb. Məlumata görə, Qroznı üzərində pilotsuz uçuş aparatlarının aktivliyi zamanı "J2-8243" saylı reysi yerinə yetirən təyyarəyə atəş açılıb və raketin qəlpələri təyyarənin yaxınlığında havada partlayaraq sərnişinlərə və ekipaj üzvlərinə zərər yetirib.

Həmçinin vurğulanıb ki, zərər görmüş təyyarənin pilotlarının məcburi eniş üçün etdiyi müraciətlərə baxmayaraq, Rusiya hava limanlarında eniş icazəsi verilməyib. Əksinə, ekipaja Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaq göstərişi verilib. Bildirilib ki, təyyarənin GPS naviqasiya sistemi uçuş boyu bloklanıb.

Azərbaycan tərəfinin qəti mövqeyi, Rusiyanın məsuliyyətdən yayınması

Hadisədən dərhal sonra Azərbaycan tərəfi tələblərini açıq şəkildə Rusiyaya bildirib. Belə ki, rəsmi Moskva üzr istəməli, günahını etiraf etməli, məsul şəxsləri cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli, həmçinin Azərbaycan dövlətinə, zərərçəkmiş sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməli idi.

Lakin Rusiya tərəfi qəza ilə bağlı müxtəlif bəhanələr irəli sürərək məsuliyyətdən yayınmağa çalışıb. Kreml hadisənin guya Ukrayna pilotsuz uçuş aparatı tərəfindən törədildiyini, həmçinin təyyarənin quş sürüsü ilə toqquşduğu və ya təyyarədə oksigen balonunun partlaması kimi əsassız iddialar irəli sürərək məsuliyyətdən yayınırdı.

Qəzanın səbəbləri ilə bağlı açıqlanan ilkin hesabatda da təyyarənin kənar təsirlər nəticəsində qəzaya uğradığı qeyd olunub. Təkzibedilməz sübutlar və Azərbaycanın qəti mövqeyi Rusiyanı üzr istəməyə məcbur edib. Belə ki, Rusiya Prezidenti Vladimir Putin hadisədən üç gün sonra, dekabrın 28-də Prezident İlham Əliyevə zəng edərək üzr istəyib.

AZAL təyyarəsinin qəzasından bir il ötür

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib.

Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.

Təyyarə qəzasında həlak olan və yaralananlara Azərbaycan dövlətinin diqqəti

Pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində təyyarədə olan 30-a yaxın sərnişin sağ qalmağı bacarıb. Prezident İlham Əliyev bu fədakarlığı yüksək qiymətləndirərək "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi" haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, pilotlar Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və bələdçi Əliyeva Hökumə Cəlil qızı ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüblər. Digər bələdçilər - Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.

AZAL təyyarəsinin qəzasından bir il ötür

Həmçinin təyyarənin ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda torpağa tapşırılıblar.

Bundan başqa, Mərkəzi Bankın tövsiyəsi, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşəbbüsü ilə qəza nəticəsində həlak olan ekipaj üzvlərinin və sərnişinlərin bank və bank olmayan kredit təşkilatları qarşısında olan kredit öhdəlikləri tam şəkildə silinib.

Qardaş Qazaxıstandan dəstək

Hadisənin ilk anlarından Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 11 texnikası və 52 nəfərlik canlı heyət üzvü qəza yerinə cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. Yerli tibb personalına dəstək göstərmək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin mobil briqadası göndərilib. Heyətdə iki reanimatoloq, dörd travmatoloq, bir neyrocərrah və yanıq üzrə mütəxəssis yer alıb. Eyni zamanda, səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti şəxsən öz üzərinə götürərək, yaralılardan bir neçəsini müayinə edib.

Azərbaycan və Qazaxıstan vətəndaşı olan bir qrup şəxs Mangistau vilayətində yerləşən regional xəstəxanaya axın edərək yaralılara yardım məqsədilə qanvermə aksiyası keçiriblər.

Astana sakinləri təyyarə qəzası zamanı həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycan səfirliyinin qarşısına gül dəstələri gətirib, həlak olanların yaxınlarına dəstəklərini ifadə ediblər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsinin qəzasının araşdırılması üçün komissiya yaratmağı tapşırıb. Komissiyaya baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edir.

Komissiya araşdırmada Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə əməkdaşlıq edir.

Məlumata görə, qəza ilə bağlı yekun hesabat 2025-ci ilin sonuna qədər Çikaqo Konvensiyasına uyğun olaraq dərc ediləcək.

Qəzanın üstündən bir il keçsə də, məsələ Azərbaycan dövlətinin daim diqqətindədir.

Link kopyalandı!
Son xəbərlər