Çeçenistanın paytaxtı Qroznı şəhərində 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş xatirə daşının açılışı olub.
Moderator.az xəbər verir ki, açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, AZAL prezidenti Samir Rzayev, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin rəhbəri Qalas Taymasxanov, Çeçenistan Respublikası hökuməti və parlamentinin nümayəndələri, eləcə də yerli Azərbaycan icması iştirak edib.
Açılış mərasimində çıxış edən AZAL prezidenti Samir Rzayev qeyd edib ki, xatirə daşının Heydər Əliyev adına parkda ucaldılması dərin simvolik əhəmiyyətə malikdir.
Vurğulanıb ki, Azərbaycan və Çeçen xalqları arasında dostluq münasibətləri tarixi, mədəni və mənəvi köklərə əsaslanır. Bildirilib ki, faciənin xatirəsi, şübhəsiz ki, sülhün, insan həyatının və xalqlar arasında etimadı qorumağın zəruriliyini xatırlatmağa xidmət edəcək.
Sonda bildirilib ki, xatirə daşı humanizm, insani mərhəmət və Azərbaycan–Çeçenistan dostluğunun rəmzinə çevriləcək və burada həmişə sükut, xatirə, ehtiram hökm sürəcək.
Qeyd edək ki, ötən il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.