Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə ilə investisiyalar sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən razılıq ifadə edib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışında Baş nazir vurğulayıb ki, Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridirlər.
"Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 20 mlrd dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 mlrd dollardan çox sərmayə qoyub. Türkiyədə 3 000 Azərbaycan şirkəti fəal iş aparır. Azərbaycanda isə Türkiyə investisiyalı 4600-dən çox kommersiya qurumu mövcuddur. Biz Türkiyə şirkətlərinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaratmışıq", - o deyib.
Ə.Əsədov qeyd edib ki, azad edilmiş ərazilərində icra edilən layihələrdə Türkiyə şirkətləri Azərbaycanla bərabər çalışır:
"20-yə yaxın Türkiyə şirkəti həmin ərazilərdə 50-ə yaxın layihə icra edir ki, həmin layihələrin ümumi dəyəri təqribən 5 milyard dollardır. Bu layihələr avtomobil və dəmir yollarının tikintisi, enerji, kənd təsərrüfatı, su və meliorasiya, layihələndirmə və digər sahələri əhatə edir".