Sülh üçün pullar və “ Rusiya ölülərini saymasa da pullarını sayır”
Siyasət
1288
20:26, Bu gün

Sülh üçün pullar və “ Rusiya ölülərini saymasa da pullarını sayır”

Müharibə aparmaq üçün pul əsas şərt olduğu kimi, sülh üçün də eyni dərəcədə vacibdir. Söhbət pulla müharibədə qalib gəlməkdən getmir, pulla müdafiə olunmaq da sülhə gətirib çıxara bilər. Rusiya-Ukrayna müharibəsi tam olmasa da, böyük ehtimalla qeyd olunan mərhələyə yaxınlaşır. Rusiya böyük maddi sərvətləri və digər resursları hesabına torpaqlar işğal edərək ləng addımlarla olsa da üstünlük əldə edib, amma hələ qalib deyil. Kiyev isə Avropanın , qismən də ABŞ-nin iqtisadi, hərbi yardımları və Ukrayna hərbiçilərinin qəhrəmanlığı ilə Rusiya təcavüzünün qarşısını alaraq Putinin qələbə çalmasına imkan verməyib. Bu gün də Avropa çətinliklərə baxmayaraq Ukraynaya 90 milyard dollar yardım edəcəyinə qərar verməklə Putinin sülh danışıqlarına təzyiq göstərmək cəhdlərinin qarşısını almış oldu. Bu, Ukraynanın kapitulyasiyasının qarşısını almaqla, Rusiyanın da qalib gəlməsinə mane oldu.., ən azı hələlik...

90 milyard vəsaitin ayrılacağı xəbərindən sonra Putin əsəbini gizlədə bilmir. Avropalıları rəsmi çıxışında “donuz balaları” adlandırması Kreml diktatorunun isterikasının nümunəsidir.  

Amma, hazırda Putin zamanın onun xeyrinə işlədiyi üçün əlverişli mövqedə olduğuna inanır. O hesab edir ki, bu münaqişə nə qədər uzun sürərsə, Ukrayna xalqının əhval-ruhiyyəsi bir o qədər aşağı düşəcək, müttəfiqləri bir o qədər parçalanacaq və nəticədə Rusiya Donbasda indikindən daha çox ərazi qazanacaq. Bəs, əks proses başa verə bilərmi? Putinin mövqe dəyişməyəcəyi aydın məsələdir. Ona görə də, keçən həftə Putin bildirdi ki,  “ya bu əraziləri hərbi yolla azad edəcəyik, ya da ukraynalılar bu ərazini tərk edəcək”.

Rusiya işğalı qapısının ağzını kəsdirsə də Avropa bu dəfə də qəti addım ata bilmədi. Rusiyanın dondurulmuş valyuta aktivlərini Ukraynaya yardım kimi istifadə etməkdə cəsarət göstərmədi. Daxili imkanları hesabına vəd edilən 90 milyard indiki ehtiyacları ödəyə bilər, amma bu uzun sürəcək müharibə üçün yetərli deyil. Dondurulmuş aktivlər haqqında sanksiyanı hər altı aydan bir yeniləmək Rusiyanı ümidli saxlamaq deməkdir. Bu, yalnız Ukraynanın müharibəsi deyil, Avropanın da müharibəsidir və müharibədə sivil qanunlar yox, sərt, öldürücü qərarların verilməsi böyük siyasi iradə tələb edir. Təəssüf ki, Avropa liderləri və hökümətləri bu məsuliyyəti üzərlərinə götürmür. Səbəb, Rusiya ilə hüquq müstəvisində dartışma deyil. Əgər Rusiya beynəlxalq hüquqa məhəl qoymayıb, qonşu ölkənin ərazisini işğal edirsə, hansı haqla hüquq müstəvisində qarşıdurma yaradacaq? İndi məlum olur ki, çəkingənlik məsələnin perspektiv hüquqi mübarizəsindən yaranmayıb. Böyük aktivlərin yerləşdirildiyi Belçikanın ilk növbədə bundan imtina etməsinin səbəbi, Kreml tərəfindən şəxsən ölkənin baş nazirinin ünvanına onun canına qəsd ediləcəyi ilə hədələnməsidir. Xarici ölkələrdə rəqiblərini qətlə yetirmək təcrübəsi olan Moskva üçün bu metoddan istifadə çətin məsələ deyil. Nə olursa-olsun, bu Avropa üçün kapitulyasiyaya bərabər biabırçılıqdır. Elə buna görə də Rusiya tekanallarında açıq şəkildə Avropanın qorxaqlığı lağa qoyulur. Halbuki, pul məsələsi burda da önəmli rol oynayır, çünki maliyyə təzyiqi diplomatiyanın uğursuz olduğu yerlərdə təsirli ola bilər. Bir şərhçinin dediyi kimi “Rusiya müharibədə ölülərini saymaya bilər, amma şübhəsiz ki, pullarını sayır”. Əslində isə, dondurulmuş ehtiyatları ələ keçirmək Putin sisteminin mərkəzinə zərbə vura bilərdi və müharibənin sonunu sürətləndirərdi.

Avropa Rusiyanın tarixini, mahiyyətini bəzən öz arşınları ilə ölçür. Avropada insanların sosial problemlərinə qayğı, yaşayışın yaxşılaşdırılması, siyasi sisteminə görə müxalif qüvvələrin fikri ilə hesablaşması və sairə amillər qəbul olunan qərarlara təsir edir. Fikirləşirlər ki, yəqin Rusiya cəmiyyəti də ağır şəraitdən bezib etiraz edəcək. Hələ də bilmirlər ki, Rusiya pis yaşamaqdan bezmir, yorulmur, çünki tarixən həyat tərzləri belə olub, amma Avropa yorulur. Müharibə getdiyi vaxt Rusiyada heç kəs haqqını tələb edə bilmir, buna cəhd edən isə “vətən xaini”, “satqın” adlanır. Almaniyada isə hərbi mükəlləfiyyəti qəbul etməyən gənclər “ Putin işğalında yaşamaq müharibədə ölməkdən yaxşıdır” şüarları səsləndirir. Burda da Avropanın qətiyyəti çatmır ki, belələrini “vətənə xəyanət” maddəsi ilə ittiham edib, başqalarına görk etsinlər.  

Bu müharibədə iqtisadiyyatı ağır günlər yaşayan, amma “qalib”statusu qazanmaq üçün Rusiyanın da, ondan ikiqat artıq dağıntıya məruz qalmış, amma “kapitulyasiya” olmaq istəməyən  Ukraynanın da arzusu puldur. Amma, “ Qafqaz əsiri” filmindəki məşhur epizodda deyilən kimi “imkan ilə arzu üst-üstə düşmür”. Arzu ilə imkanın üst-üstə düşməsi  üçün Avropa daha qətiyyətli olmalıdır. Avropanın və Ukraynanın qətiyyəti ABŞ prezidenti Trampı indiyədək apardığı Putinyönümlü siyasətdən çəkindirib ənənəvi Ağ Ev siyasətinə qaytara bilər. Putini ən azı maksimalist siyasətindən, qəbuledilməz şərtlərindən imtina etdirmək üçün Avropa – Ukrayna -ABŞ birliyi indiki “pulumu verin” mərhələsində müharibəni sonlandırmaq üçün həlledici rol oynaya bilər.

İlham İsmayıl

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər