Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ölkəmizdə səfərdə olan monteneqrolu həmkarı Ervin İbrahimoviç arasında təkbətək görüş başa çatıb.
Moderator.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşılıb.
Qeyd olunub ki, daha sonra tərəflər arasında geniş tərkibli görüş də keçirilib.
Nazirlər Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyəti nəzərdən keçiriblər.
Monteneqro Prezidenti Yakov Milatoviçin də daxil olduğu yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli siyasi dialoqun davamlılığının təmin olunmasında mühüm rol oynadığı vurğulanıb.
Ticarət əlaqələrinin genişləndirilməsinin, investisiyaların təşviqinin, biznes dairələri arasında təmasların gücləndirilməsinin və birgə layihələrin irəlilədilməsinin vacibliyi qeyd edilib.
Tərəflər İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın imkanlarından səmərəli istifadənin önəmini vurğulayıblar.
Humanitar əməkdaşlıq, o cümlədən turizm, mədəniyyət və təhsil sahələrində əlaqələrin ikitərəfli münasibətlərin ayrılmaz tərkib hissəsi olduğu bildirilib. Bu sahələrdə mübadilələrin genişləndirilməsi məmnunluqla qarşılanıb.
Nazirlər həmçinin BMT, ATƏT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı müzakirə edərək, qarşılıqlı etimad əsasında birgə fəaliyyətə sadiqliklərini təsdiqləyiblər.
Görüşdə regional məsələlərə də toxunulub. Ceyhun Bayramov həmkarını Azərbaycanla Ermənistan arasında normallaşma və davamlı sülhün bərqərar olunması istiqamətində görülən işlər barədə məlumatlandırıb.
12:24
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, tərəflər arasında təkbətək görüş başlayıb.