“Türk dövlətlərinin dövlət hakimiyyətinin təşkili və konstitusion əsasları” mövzusunda beynəlxalq konfrans çərçivəsində 19 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunda Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələrinin iştirakı ilə görüş və tanışlıq tədbiri keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə Respublikalarının ədliyyə və prokurorluq sahəsində təlim fəaliyyəti ilə məşğul olan qurumlarının nümayəndələri iştirak ediblər.
Görüş zamanı Azərbaycan Respublikası Baş prokurorunun müavini cənab Heydər Məmmədov salamlama nitqi ilə çıxış edərək Türk dövlətləri arasında tarixi bağlara, ortaq dilə və mənəvi dəyərlərə əsaslanan əməkdaşlığın hüquq mühafizə orqanları və hüquq təhsili sahəsində əhəmiyyətini vurğulayıb. Çıxışda hüququn aliliyinin möhkəmləndirilməsi və müasir çağırışlara uyğun peşəkar kadr hazırlığında institusional əməkdaşlığın rolu qeyd olunub.
Bildirilib ki, Türk Ədliyyə Təlim Şəbəkəsi və Türk Dövlətləri Əməkdaşlıq Şurası çərçivəsində formalaşan əməkdaşlıq prokurorluq və ədliyyə sahəsində fəaliyyət göstərən tədris və akademik qurumlar arasında sistemli əlaqələrin inkişafına töhfə verir.
Tədbir çərçivəsində fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub, iştirakçılar Azərbaycan Prokurorluğunun Tarixi Muzeyi ilə tanış olublar. Görüş xatirə fotoşəkillərinin çəkilməsi ilə yekunlaşıb.