Qüdrət Həsənquliyev: “Bir çox hallarda işə bərpa ilə əlaqədar məhkəmə qərarları belə icra olunmur”
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirə olunan Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı çıxış edib.
Moderator.az xəbər verir ki, millət vəkili bildirib: “Hörmətli sədr, həmkarlar, media nümayəndələri!
Mən Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı fikrimi bildirmək istəyirəm. Öncə əhatəli və geniş çıxışına görə qanun layihəsini təqdim edən Sultan Məmmədova və layihəni hazırlayan işçi qrupa öz minnətdarlığımı bildirirəm.
Mütərəqqi dəyişikliklərdir və mən bu dəyişiklikləri müdafiə edəcəyəm. Münasibət bildirmək istədiyim məsələ işəgötürənlə həmkarlar ittifaqı təşkilatları arasındakı münasibətlərlə əlaqədardır. Bu gün Həmkarlar İttifaqları Konferedasiyasının VIII Qurultayı keçirilir. Ölkə Prezidenti qurultay iştirakçılarına öz təbrikini göndərib. Mən də təbriklərə qoşuluram və onlara fəaliyyətlərində uğurlar arzulayıram.
Amma çox təəssüf ki, bu gün həmkarlar ittifaqları təşkilatları əhali arasında işçilərin hüquqlarını müdafiə edən təşkilatdan daha çox həmkarlar ittifaqları təşkilatlarının üzvü olan şəxslərə ehtiyac olduğu halda maddi yardım etmək və müalicə müəssisələrinə göndərişlər verməklə assossiasiya olunur. Biz çox təəssüf, tez-tez rastlaşırıq ki, işçilərin hüquqları pozulur və həmkarlar ittifaqları onların hüquqlarının müdafiəsi istiqamətində zəruri addımlar ata bilmirlər. Bir çox hallarda idarə, müəssisə və təşkilatlardan həmkarların sədrləri həmin orqanların rəhbərləri tərəfindən müəyyən olunur və onların tapşırığı əsasında “Fatı qalx, Fatı otur” prinsipi ilə çox təəssüf ki, fəaliyyət göstərirlər. Hətta iş o yerə çatıb ki, bir çox hallarda işçilər xarici şirkətlər tərəfindən gecə saat 22:00, 23:00-dək işlədilir və onlara əməkhaqqı verilmir. Yəni onların hüquqları ciddi şəkildə pozulur.
Bir çox hallarda işçilər çox asanlıqla işdən çıxarılırlar. Reallıqla barışmış işçilər isə nə həmkarlara, nə də məhkəmələrə müraciət etmirlər. Çünki bir çox hallarda işə bərpa ilə əlaqədar məhkəmə qərarları belə icra olunmur. Ona görə də həmkarlar ittifaqlarının işçilərin hüquqlarının qorunmasında fəal iştirakını təmin etmək üçün onlara ciddi siyasi dəstəyin verilməli olduğunu düşünürəm və bu istiqamətdə ciddi işlər görülməlidir. Mən, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə öz minnətdarlığımı bildirirəm, son vaxtlar mənim şəxsən ünvanladığım bütün müraciətlətə qanunla nəzərdə tutulmuş müddətdə, əhatəli və yazılı formada cavablar verilir və şikayətdə göstərilən xüsusatlar əgər əsaslıdırsa, onların hüquqları bərpa olunur.
Amma hesab edirəm ki, həmkarlar ittifaqlarının fəaliyyətini gücləndirmədən biz, bu sahədə nöqsanları aradan qaldıra bilməyəcəyik”.
Millət vəkili həmçinin əlavə edib: “Toxunmaq istədiyim ikinci bir məsələ isə müəssisələrdə və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlətində siyasi partiyaların və dini qurumların fəaliyyətinə yol verilməməsi ilə bağlıdır. Qanunun bu tələbinə də real həyatda əməl olunmur. Biz bilirik ki, burada müəssisələr deyiləndə həm də elm və təhsil müəssisələri nəzərdə tutulur. Amma elm və təhsil müəssisələrində siyasi partiyaların yerli strukturları var. Xatırlayırsınızsa, mən vaxtilə burada “Siyasi partiyalar haqqında” qanun qəbul olunanda da, “Dövlət qulluğu haqqında” qanun qəbul olunanda da deyirdim ki, dövlət qulluqçuları heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. Çox təəssüf ki, o zaman bu təklif qəbul olunmadı. Düzdür, “Dövlət qulluğu haqqında” qanunda qeyd olunur ki, dövlət qulluqçusu öz vəzifələrini yerinə yetirərkən heç bir siyasi fəaliyyətlə məşğul olmamalıdır. Amma iş vaxtından sonra onların da iş yerlərində hansısa siyasi tədbirlər keçirməsinə hər hansı məhdudiyyət qoyulmur. Ona görə, bu prinsip, yəni siyasi partiyaların fəaliyyətinə icazə verilməməsi, eynilə də dövlət idarə, müəssisə, təşkilatlarına, yəni dövlət qulluqçuların çalışdıqları yerlərə də şamil olunmalıdır”.