Ombudsman Aparatının əməkdaşları Suriya Ərəb Respublikasından ölkəyə repatriasiyası həyata keçirilən Azərbaycan vətəndaşları ilə görüş keçirib.
Moderator.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Repatriasiya edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilən 1 qadın və 3 uşaqla keçirilən görüş zamanı onların hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Müəssisə rəhbəri və əməkdaşları tərəfindən təsisatın nümayəndələrinə repatriantlara göstərilən sosial xidmətlər barədə məlumat verilib.
Görüş çərçivəsində uşaqların şəxsiyyətini təsdiq edən sənədlər, təhsil hüququnun təmini, qadının təhsilinin bərpası ilə bağlı çətinliklərin mövcud olduğu müəyyən edilib, repatriantlara hüquqlarının müdafiəsi və cəmiyyətə inteqrasiyası istiqamətində tövsiyələr verilib. Bununla yanaşı, repatriantlara Müvəkkilin mandatı, Ombudsmana müraciət imkanları barədə geniş məlumat verilib.