Əli Əsədov:
Siyasət
183
16:48, Bu gün

Əli Əsədov: "Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır"

Dekabrın 12-də Aşqabadda "Beynəlxalq sülh və etimad ili (2025)", Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum işə başlayıb.

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov forumun plenar iclasında iştirak edib.

İclasda çıxış edən Ə.Əsədov vurğulayıb ki, Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır.

Azərbaycanın neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəklədiyi və "Beynəlxalq sülh və etimad ili - 2025" qətnaməsinə həmmüəllif qismində qoşulduğu bildirilib.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Türkmənistanın BMT-nin himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü də yüksək qiymətləndirir və universitetin işində fəal iştirak etməyə hazırdır.

Bildirilib ki, Azərbaycan və Türkmənistan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının fəal üzvləridir və hər iki ölkə hərəkatın dialoq və həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Azərbaycan-Türkmənistan əlaqələrinə toxunan Baş nazir iki ölkə arasında dərin tarixi köklərə, mənəvi və mədəni dəyərlərə söykənən ənənəvi dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. Dövlətlərarası münasibətlərin son illərdə dinamik inkişaf yolu keçdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, iki ölkə liderləri arasında son dövrdə baş tutmuş qarşılıqlı səfərlər və görüşlər ikitərəfli münasibətlərdə yeni səhifə açıb, onları strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldib.

Bu kontekstdə cari ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfərinin önəmi xüsusi qeyd edilib. Səfər çərçivəsində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında keçirilən yüksəksəviyyəli görüşün regional əməkdaşlığın genişləndirilməsi və çoxşaxəli qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün mühüm platformaya çevrildiyi bildirilib.

Həmçinin iyul ayında Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərinin, səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərini ziyarət etməsinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, cari ilin oktyabr ayında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Füzulidə təməli qoyulan məscidin inşası ilə bağlı təşəbbüsə görə Türkmənistan tərəfinə minnətdarlıq ifadə olunub.

Ə.Əsədov Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər barədə də bəhs edib.

Bu baxımdan, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı qismində qəbul edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Link kopyalandı!
Son xəbərlər