"Diplomatik xidmət əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası" təsdiq edilib.
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.
Sənədə əsasən, bu qayda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun müvafiq maddəsinə əsasən hazırlanıb və diplomatik xidmət əməkdaşlarının attestasiyasının (bundan sonra - attestasiya) həyata keçirilməsi qaydasını müəyyən edir.
Attestasiya diplomatik xidmət əməkdaşlarının peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə keçirilir.
Əməkdaş müvafiq diplomatik vəzifədə ən azı bir il daimi xidmət keçəndən sonra attestasiyadan keçirilə bilər. Əməkdaşlar attestasiyadan beş ildə bir dəfədən çox olmayaraq keçirilir və bu zaman onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır.
Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən əməkdaş rotasiya əsasında geri çağırıldıqdan sonra attestasiyadan keçirilir.