“Dəmir Qübbə” memarının Bakı səfərinin pərdəarxası - Regionda strateji xəritə dəyişir  
Siyasət
236
15:09, Bu gün

“Dəmir Qübbə” memarının Bakı səfərinin pərdəarxası - Regionda strateji xəritə dəyişir  

İsrail Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı Direktorluğunun rəhbəri, “Dəmir Qübbə” və digər yüksək dəqiqlikli texnologiyaların memarı kimi tanınan Daniel Qoldun Bakıya səfəri müzakirələrə səbəb olub. Səfər Azərbaycan-İsrail münasibətlərində yeni mərhələnin siqnalı, regionda dəyişən hərbi balansın göstəricisi və ən əsası çox sərt çəkindirmə mesajı kimi qəbul olunur.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, İsrail Müdafiə Nazirliyinin yüksək texnoloji proqramlarına rəhbərlik edən Daniel Qoldun Bakıya səfəri regionda baş verən proseslərin növbəti mərhələyə keçdiyinin göstəricisidir:

“Bu səfərin İsraildə açıq elan edilməməsi və yalnız Bakıda mətbuat üzərindən işıqlandırılması təsadüfi sayıla bilməz. Burada iki mühüm komponent var - regional təhlükəsizlik arxitekturası və çəkindirmə konsepsiyası. Hər iki istiqamətdə Azərbaycan yeni strateji xətt formalaşdırır. Birincisi, Xəzər dənizi artıq əvvəlki kimi hərbi neytral zona deyil. İranın son 1 ildə Xəzərdə aktivləşməsi, xüsusən də Hərbi Dəniz Qüvvələrinin şimala doğru manevr imkanlarını genişləndirməsi, regionun yeni təhlükəsizlik riskləri ilə üz-üzə qaldığını göstərir. Bu, Azərbaycanın cavab verməsini zəruri edən tendensiyadır. Dənizdə qüvvələr balansı dəyişdikcə, yeni texnologiyaların rolunu nəzərə almadan təhlükəsizlik konsepsiyası qurmaq mümkün deyil. Azərbaycan-İsrail hərbi-texnoloji tərəfdaşlığının inkişafı məhz bu zərurətdən doğur. İkincisi, İsrailin Sea Breaker və Ice Breaker kimi yüksək dəqiqlikli dəniz hücum sistemlərinin Azərbaycanda mövcudluğu Xəzərdə yeni tarazlıq formalaşdırır. Burada söhbət yalnız silahların texniki üstünlüyündən getmir. Məsələ ondan ibarətdir ki, bu texnologiyalar uzaqdan idarə olunan, AI dəstəkli və radioelektron mühitdə fasiləsiz fəaliyyət göstərən sistemlərdir. Bu isə regionda qarşıdurma niyyətində olan hər hansı dövlət üçün ciddi çəkindirmə elementidir”.

Siyasi şərhçi hesab edir ki, Daniel Qoldun Bakı səfəri Azərbaycan və İsrailin artıq sırf tədarük və alış-satış mərhələsindən çıxdığını göstərir: “Bu əməkdaşlıq qarşılıqlı strateji asılılıq formalaşdırır. Müasir dövrdə kritik texnologiyalara çıxışın paylaşılması və gələcək sistemlərin inkişafında birgə iştirak müttəfiqliyin əsas meyarıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiya Ukrayna müharibəsində Xəzər akvatoriyasından raket platforması kimi istifadə etməklə regionun təhlükəsizlik dinamikasını dəyişib. Bu, Xəzərin formal olaraq “qapalı geosiyasi məkan” statusunu faktiki olaraq aradan qaldırır və onu qlobal qarşıdurmanın elementinə çevirir. Belə şəraitdə Azərbaycan üçün yüksək texnoloji üstünlük yalnız müdafiə vasitəsi deyil, həm də siyasi qərarların daha sərbəst formalaşdırılması üçün zəmanətdir. Bu baxımdan səfər göstərir ki, Bakı və Təl-Əviv münasibətləri artıq emosional və simvolik deyil, tamamilə riyazi və strateji müstəvidə qururlar. Bu isə regionda yeni balansın əsasını təşkil edir. Nəticə olaraq, Qoldun Bakıya səfəri Azərbaycanın regional oyunçu kimi mövqeyini gücləndirir. Bu, yalnız ölkəmizin müdafiə qabiliyyətini artırmaqla məhdudlaşmır, Xəzərin və ümumilikdə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasının konturlarını müəyyən edən addımdır. Regional proseslər daha mürəkkəb hal alır və belə şəraitdə Azərbaycan texnoloji üstünlüyü strateji sabitliyin təminatına çevirir”.

Link kopyalandı!
Son xəbərlər