Bakıda TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirləri bəyannamə imzalayıblar - YENİLƏNİB
Siyasət
321
13:33, Bu gün

Bakıda TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirləri bəyannamə imzalayıblar - YENİLƏNİB

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilib, bəyannamə imzalanıb.
 
Moderator.az xəbər verir ki, "Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq" adı ilə keçirilən toplantıda üzv ölkələrin nümayəndələri iştirak ediblər.
 
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib ki, TDT-yə üzv ölkələrlə əlaqələrin genişləndirilməsi, Türk dünyasının gücləndirilməsi prioritetlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bildirib: "Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bizim ailəmiz Türk dünyasıdır".
 
TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev quruma üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinin mühüm prioritetlərdən olduğunu və hazırki iclasın bu məqsədə xidmət etdiyini bildirib.
 
Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan Türk dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin bu gün ilk dəfə bir araya gəlməsinin, "Türk Dünyası 2040 Vizyonu" rəhbər tutulmaqla əmək, məşğulluq və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi önəmini vurğulayıb.
 
Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin birinci müavini Kamçıbek Dosmatov əlaqələndirilmiş tədbirlərin əməkdaşlıq üçün vacibliyini, əmək bazarının inkişaf etdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb.
 
Türk ölkələrini ortaq köklər və ortaq strateji məqsədlər birləşdirdiyini vurğulayan Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Sirojiddin Bobokulov işçi qüvvəsinin bacarıqlarının inkişafına investisiya qoyulması, əməyin təhlükəsizliyi, sosial dialoqun gücləndirilməsi və s. sahələrdə birgə fəaliyyətin önəmini qeyd edib.
 
Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Viktoriya Şeqay ölkəsində əmək və məşğulluq, sosial müdafiə sahəsində rəqəmsal həllərin geniş tətbiqi işlərindən bəhs edib, bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını söyləyib.
 
Şimali Kipr Türk Respublikasının (ŞKTR) əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu ŞKTR-də aparılan sosial islahatlar barədə məlumat verib. O, Azərbaycanın DOST təcrübəsinin Türk dünyasında nümunəvi bir model olduğunu deyib.
 
Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin məşğulluq siyasəti üzrə dövlət katibi Sandor Czomba və Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Tachjanova bugünkü tədbirin əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün mühüm platforma yaratdığını bildiriblər.
 
Daha sonra TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsi imzalanıb.
 
Sənəddə quruma üzv və müşahidəçi dövlətlər arasında əmək qanunvericiliyi, əmək hüquqlarının qorunması, əmək mühitində sağlamlıq və təhlükəsizlik, gender bərabərliyi və s. istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi, bunun üçün görüləcək tədbirlər, nazirliklər arasında Əmək, Məşğulluq və Sosial Müdafiə məsələləri üzrə İşçi Qrupun yaradılması nəzərdə tutulur.
 
11:34
 
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, toplantıda Azərbaycanın əmək və sosial müdafiəsi naziri Anar Əliyev, TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan, Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin birinci müavini Kamçıbek Dosmatov, Özbəkistanın məşğulluq ve yoxsulluğun azaldılması nazirinin müavini Sirojiddin Bobokulov, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Viktoriya Şeqay, Şimali Kipr Türk Respublikasının əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu, Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin məşğulluq siyasəti üzrə dövlət katibi Şandor Tsomba, həmçinin Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Tacjanova iştirak edirlər.
 
Sonda TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsi imzalanacaq.
Link kopyalandı!
Son xəbərlər