Onları xəyanət xisləti birləşdirir... - Komitə sədri
Siyasət
109
19:20, Bu gün

Onları xəyanət xisləti birləşdirir... - Komitə sədri

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ramiz Mehdiyev işi ilə bağlı Əli Kərimovun da cəlb olunmasına münasibət bildirib. Bu barədə o, Modern.az-a danışıb.

- Əli müəllim, Ramiz Mehdiyev işi ilə bağlı AXCP sədri Əli Kərimovun da cəlb olunmasına münasibətiniz necədir?

- Vaxtilə post sovet məkanında Xalq Cəbhəsi hərəkatları məhz Qorbaçovun yenidənqurma siyasətinin nəticəsi kimi yaradılmış, Yeltsin hakimiyyəti dövründə isə guya “demokratik” prosesdə, əslində isə dağıdıcı prosesdə aktiv istifadə edilmişdir. Bu baxımdan AXC sədri Əli Kərimovun  şimal qonşumuzdakı məlum dairələrlə əlaqələri təəccüblü deyil.

2013-cü ildə Azərbaycan Prezident seçkiləri vaxtı Rusiyadakı “Milyarderlər İttifaqı” ilə əməkdaşlıq, “Milli Şura” layihəsi və s. məhz bu proseslərin nəticəsi və 5-ci kolonun fəaliyyətinin bariz nümunəsidir.  

Əslində post sovet ölkələrinin bir çoxunda bu cür partiyalar ya ləğv olunub, ya da fəaliyyətlərini çoxdan dayandırıblar. Azərbaycanda da “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra yeni siyasi konfiqurasiya və yeni dialoq mühiti yarandı. Amma AXCP adlı partiyanın, o partiya ki, Vətən müharibəsi nəticəsində Azərbaycan dövlətinin və xalqının qələbəsini belə qəbul etmirdi, belə partiyanın yenidən qeydiyyatı təəccüblü idi. Olsun ki, bu həmin partiyaya verilən son şans idi. Amma təəssüf ki, bundan da nəticə çıxarmadılar.

Hesab edirəm ki, indiki araşdırmaların nəticəsi kimi qanunvericiliyə uyğun olaraq AXCP-nin qeydiyyat məsələsinə yenidən baxılmalıdır. 

- Bəs necə ola bilər ki, bütün bu illər ərzində radikal müxalifət ilə Ramiz Mehdiyev arasında əlaqələr mövcud olsun və bu barədə təhlükəsizlik orqanlarının və ölkənin ali rəhbərliyinin məlumatı olmasın?

- Əslində iqtidarla müxalifət arasında dialoqun mövcudluğu normal bir haldır. Amma bu vəziyyətdə görünən odur ki, Mehdiyev müxalifətlə, o cümlədən Əli Kərimovla əlaqələri gizli şəkildə və öz mənfur niyyətlərini həyata keçirmək məqsədilə qurubmuş. Bu əlaqələrlə bağlı şübhələr müxtəlif dövrlərdə sezilirdi. 2013-cü ilin Prezident seçkiləri dövründə və radikal müxalifətin 2019-cu ilin oktyabr mitinqləri dövründə bu əlaqələrlə bağlı şübhələr artıq mövcud idi. Amma o da məlumdur ki, 2003-cü ildə Prezident seçkiləri vaxtı Mehdiyev hakimiyyəti ələ keçirmək niyyətini ustalıqla gizlədə bilmişdi. Sonrakı mərhələdə Ramiz Mehdiyev Administrasiya rəhbəri vəzifəsindən kənarlaşdırılsa da, ona qarşı yenə humanistlik və alicənablıq nümayiş etdirildi və o, AMEA-ya rəhbər seçildi. Təəssüf ki, orada da öz məkrli niyyətlərindən əl çəkmədi, pozuculuq fəaliyyətini davam etdirdi. İndi isə onun dövlətə xəyanəti açıq forma aldığından ona qarşı rəsmi ittiham elan olunmuşdur. Mehdiyevlə Kərimovu birləşdirən də məhz bu xəyanət xisləti, Azərbaycanın real müstəqilliyini qəbul etməmələri, Azərbaycanı xarici dövlətlərdən asılı vəziyyətə salmaq şərtilə özlərinin hakimiyyətə gəlmək niyyətləri olmuşdur. Ona görə də cəmiyyətdə və xalq arasında onlara qarşı  ikrah hissi mövcuddur.

- Əli müəllim, Sizcə bu vəziyyət, Ramiz Mehdiyev ranqında olan bir şəxsin əməlləri və onun radikal müxalifətlə gizli iş birliyi ölkədə dövlət quruculuğu proseslərinə kölgə salmır ki?

- Əsla salmır, çünki istər hakimiyyət nümayəndələri, istərsə də müxalifət nümayəndələri arasında bütün dövrlərdə və dövlətlərdə bu cür yarıtmaz insanlar mövcuddur. Vacib olanı odur ki, Azərbaycanda zamanında Ulu Öndər Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin xalq arasında böyük nüfuzu və etimadı mövcuddur. Buna görə də bu cür xəyanət halları aşkarlananda onların qarşısı qətiyyətlə alınır və ölkəmiz dövlət quruculuğunda öz inkişaf yolunu əzmlə davam etdirir.

Link kopyalandı!
Son xəbərlər