Minsk Qrupu tarixə qarışır: Qafqazda oyun qaydalarını Azərbaycan diktə edir
Siyasət
96
16:37, Bu gün

Minsk Qrupu tarixə qarışır: Qafqazda oyun qaydalarını Azərbaycan diktə edir

Qafqazda yeni siyasi düzən formalaşır və bu dəyişikliklərin ən simvolik başlanğıcı uzun illər regionda “vasitəçi struktur” kimi qalan, lakin praktikada heç nəyi dəyişdirə bilməyən ATƏT-in Minsk Qrupunun tarixi səhnədən tam çəkilməsi olacaq. Dekabrın 1-dən etibarən fəaliyyətini dayandıracaq bu qurum, əslində, həm Azərbaycanın illərlə tələb etdiyi bir məsələnin reallaşması, həm də artıq mövcud olmayan Dağlıq Qarabağ münaqişəsinin son formal izinin silinməsi deməkdir. Bu addım təkcə bir qurumun bağlanması deyil,  regionun gələcək nizamının tərəflərin öz iradəsi ilə müəyyənləşdiyinin rəsmi təsdiqidir.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Politoloq Turan Rzayev bildirir ki, Minsk Qrupunun fəaliyyətinin dayandırılmasının prosesə real siyasi təsiri çox böyük olmayacaq. Çünki bu qurum uzun illər mövcud olmasına baxmayaraq, münaqişənin həllinə dair praktiki, təsirli və nəticə verən addımlar ata bilmədi:

“Minsk Qrupu nə sərt qərar tətbiq edə bildi, nə də tərəfləri razılaşmaya gətirəcək effektiv vasitəçilik nümayiş etdirdi. Uzun illərin yerində sayan danışıqları nəticədə müharibəyə gətirib çıxardı.

Qurum müharibədən sonra da faktiki olaraq fəaliyyətsiz qaldı. Regionda yeni reallıq formalaşdıqca həm Bakı, həm də İrəvan artıq bu formatı zəruri hesab etmədi. Ən mühüm dönüş məhz iki ölkənin birbaşa danışıqlara başlaması oldu: Tərəflər nəhayət anlayıb ki, sülhü kənar vasitəçilərdən deyil, birbaşa dialoqdan keçməklə əldə etmək mümkündür. Bu praktika qısa müddətdə öz nəticələrini göstərdi. Azərbaycan və Ermənistan liderləri iştirak etdikləri beynəlxalq tədbirlərdə mütəmadi olaraq görüşməyə və konkret müzakirələr aparmağa başladılar".

Politoloq əlavə edir ki, Vaşinqton görüşündə sülh sazişinin faktiki olaraq paraflanması prosesin hansı istiqamətə doğru irəlilədiyini açıq şəkildə ortaya qoyur: 

“Bu, o deməkdir ki, artıq prosesin lokomotivi nə Vaşinqton, nə Moskva, nə Brüssel, nə də hər hansı beynəlxalq strukturdur — tərəflərin öz iradəsi, siyasi qərarı və regional maraqların rasional qiymətləndirilməsidir.

Minsk Qrupunun rəsmi olaraq bağlanması sülh prosesində hansısa ciddi dönüş yaratmır. Bu addım daha çox illərdir boşluqda qalmış bir mexanizmin formal şəkildə arxivləşdirilməsidir. Əsas məsələ Azərbaycan və Ermənistan nümayəndələrinin birbaşa təması, qarşılıqlı səfərlər və səmimi danışıqlardır. Prosesin məhz bu model üzərindən davam etməsi sülhün ən real və dayanıqlı yoludur. Mövcud dinamika nəzərə alınsa, sülh sazişinin 2026-cı ildə imzalanması tam real görünür".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər