Rəqabəti məhdudlaşdırma ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə halı müəyyənləşib
Siyasət
175
15:50, Bu gün

Rəqabəti məhdudlaşdırma ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə halı müəyyənləşib

Rəqabəti məhdudlaşdırma ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə halı müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
 
Məcəllədə Rəqabət Məcəlləsi ilə əlaqədar Cinayət Məcəlləsinin "İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma" maddəsinin də həm adına, həm də dispozisiyasına yeni qaydalara uyğun olaraq müvafiq dəyişikliklər edilib, cinayət məsuliyyətindən azad edilmə halı müəyyənləşib.
 
Bu maddə "Rəqabəti məhdudlaşdırma" adlandırılacaq.
 
Məcəlləyə əsasən, məsuliyyət qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə yaranacaq. Xeyli, külli və xüsusilə külli miqdarın da yeni anlayışı verilir. Başqa sözlə, rəqabət qanunvericiliyinin pozulması, yəni qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə edilməklə iki il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
 
Eyni əməllər təkrar, mütəşəkkil dəstə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Nəzərdə tutulmuş əməllər cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya zədələmə hədəsi ilə və xüsusilə külli miqdarda ziyan vurduqda və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
 
"Xeyli miqdar" dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə beş yüz min manatdan yuxarı, lakin bir milyon manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə bir milyon manatdan yuxarı olan məbləğ başa düşüləcək.
 
Nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər