Niyə danışıqların əsas təşəbbüskarı "dayanmadan irəliləyən" və "gez-tez qələbə qazanacaq" Rusiyadır? Axı məntiq etibarı ilə döyüşlərin dayanmasını məğlub olan tərəf istəməlidir, qalib gələn tərəf yox. Nə baş verir?
Moderator.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərli qeyd edib.
O bildirib ki, 28 bəndlik "sülh planı”nın ortaya çıxması gözlənilməz idi:
“Sülh təşəbbüsü siyasi-diplomatik prosesdir və bu prosesi diplomatik prosedurlar müşahidə edir, "28 bəndlik plan”ın ortaya çıxmasından qabaq hər hansı diplomatik proses mövcud deyildi.
Bu planın dövriyyəyə buraxılmasının əsas və yeganə təşəbbüskarı Rusiya idi. Plan barədə mətbuata məlumat 19 noyabr (!) tarixində sızdırılıb (araşdırmalar göstərir ki, məlumatı ruslar sızdırıb). Tarixə diqqət edin, 19 noyabr.
Fikir vermisinizsə, Ukrayna danışıqlara o qədər də meyilli deyil, baxmayaraq ki, müharibədə Ukrayna da ağır itkilərə məruz qalıb, ruslar isə hərtərəfli, o cümlədən Amerikadakı dostları vasitəsilə, fərqli "sülh planları”nı Ukraynaya qəbul etdirmək istəyir.
22 oktyabr 2025-ci ildə Tramp "Rosneft" və "Lukoyl"a qarşı dağıdıcı sanksiyalar tətbiq etdi, amma sanksiyalar qanuni qüvvəyə imza atılan gün yox, 21 noyabr tarixində minirdi. Sanksiyaların qüvvəyə mindiyi 5 gün ərzində Rusiyanın neft məhsullarının ixracının hansı duruma düşdüyünə diqqət edək:
“S&P Global”ın məlumatına görə, Rusyanın Asiyaya neft-kimya xammalının ixracı 57-80% enib!
- Hindistana ixrac 57% enib;
- Çinə ixrac 73.3% enib;
- Tayvana 79.6% enib.
Bundan əlavə, “S&P Global” xəbər verir ki, Hindistan və Tayvan ümumiyyətlə Rusiyadan neft-kimya xammalının idxalını 0%-ə endirməyə hazırlaşırlar.
Desək ki, Rusiya iqtisadi sektorunda panika yaşanır, yanılmarıq. Milli Rifah Fondunun rəhbəri Daniil Yeqorov Putinə məruzəsində bildirib ki, yanvar-oktyabrda Rusiyanın neft-qaz gəlirləri 21% enib.
Söhbət hələ noyabrdan getmir. Noyabrda fundamental çöküş müşahidə olunur.
Rusiya üçün Donestk vilayətinin tam işğalı həyati vacib siyasi-ideoloji məsələdir və bu səbəbsiz deyil.
24 fevral 2022-ci ildən bəri Rusiya hərbi-siyasi rəhbərliyinin xalqa elan etdiyi HEÇ BİR strateji hədəfə nail olunmayıb: "denasifikasiya", demilitarizasiya, hakimiyyətin dəyişməsi, Kiyevin işğalı və s. Kütləyə müharibədə "qələbə" kimi sırımağa Donetsk vilayətindən başqa heç nə qalmayıb, amma onu da tam işğal edə bilmirlər.
Son bir il ərzində Rusiya Donetsk vilayətinin 2.9 min km² ərazisini işğal edib.
Ukraynanın nəzarəti altında hələ də 6 min km² Donetsk ərazisi qalır, o cümlədən 4 böyük şəhər:
Kostyantinovka, Drujkovka, Kramatorsk və Slovyansk. Bu ərazilər uğrunda döyüşlər daha 1-3 il davam edə bilər.
1. Rusiya iqtisadiyyatının üstünə qalxan sunami fonunda onlar 1, 2 ya da 3 il dözə biləcəklərmi?
2. İndi aydın olurmu ki, niyə məhz 19 noyabrda, sanksiyaların qüvvəyə minməsinə 2 gün qalmış ruslar tez-tələsik təşviş içində "sülh planı" ortaya çıxardırlar və əsas bənd olaraq "USQ-nin Donetsk vilayətindən çıxması"nı qeyd edirlər?”