“Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş tək respublikadır”-Qüdrət Həsənquliyev
Siyasət
499
10:49, Bu gün

“Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş tək respublikadır”-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Moderator.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, parlamentdə, sosial şəbəkələrdə, ictimaiyyət arasında 2026-cı il üçün büdcə zərfinin müzakirələri gedir. Müzakirələrin gedişinə münasibətinizi bilmək maraqlı olardı...

- Geniş ictimaiyyət arasında sanki “hypervigilant” düşüncə tərzi geniş yayılmağa başlayır. Bəzi media təmsilçiləri çoxsaylı ictimai-siyasi fəallar, siyasi establişmentə daxil olan bəzi insanlar hər yerdə təhlükə axtarır, hər şeydən yüksək narahatlıq hissi keçirirlər. Həddindən artıq ehtiyatlılıq, daim “hazır vəziyyətdə” olmaq, hər şeyə şübhə ilə yanaşmaq, digər insanların niyyətlərinə etibar etməmək, qeyri-müəyyən vəziyyətdən qorxmaq, daim “pis bir şey olacaq” hissi kimi psixoloji durum açıq-aydın sezilməkdədir. Belə bir psixoloji durum cəmiyyətimizin inkişafını ləngidir. Biz cəmiyyət olaraq sakitləşməli, bir-birimizə inanmalı, güvənməli, dəyişikliklərə gedilərsə hökumətə dəstək olacağımızı bəyan etməliyik. Xalqımızın xoşbəxt gələcəyi yuxarıdan aparılacaq islahatlardadır. Vəziyyəti çox da dramatikləşdirmək lazım deyil.

- İslahatlara gedilməsə yaxın gələcəklə bağlı vəziyyəti necə təsəvvür edirsiniz ?

- Xalqımız dözümlüdür, aza qane olmağı bacarır. Yəqin iqtidar nəzərə alır ki, şərqli mentalitetinə sahib insanlar kimi, bir az qazancı olanlar gəlirlərini yaxınları ilə bölüşməyi bacarır. Bundan başqa, ölkədə kölgə iqtisadiyyatı var. Gənclərimiz bacarıqlı olduqlarından, əmək miqrantı kimi xaricdə ən ağır şərtlər altında pul qazanıb ailələrinə yardım edirlər. Yoxsa hamı başa düşür ki, ayda 400 manat minimum əmək haqqı, 320 manat minimum əmək pensiyası alan 800 mindən artıq şəxs bu vəsaitlə yaşaya bilməz. Görünür hökumət həm də ona görə ciddi islahatlara başlamağa tələsmir ki, geosiyasi vəziyyət islahatların nəticələri ilə bağlı aydın təsəvvürlər yaratmır, müəyyən narahatlıqlar var. İslahatlara gedilməsə ölkə kasıblaşacaq, xarici investisiyalar üçün cəlbediciliyini tamamilə itirəcək. Kiçik və orta sahibkarlar üçün əlverişli biznes mühiti yaradılmasa, dövlət orqanlarının himayəsi ilə məhdud sayda yaradılan istehsal müəssisələri hesabına iqtisadiyyatı dirçəltmək alınmayacaq. Ölkəmizin dostları azalacaq, dini və siyasi radikalizm üçün əlverişli mühit, xarici ölkələrin insanlarımızı əməkdaşlığa cəlb etmələri (İran vətəndaşlarının İsrail tərəfindən əməkdaşlığa cəlb edilməsi nümunəsi), daxili işlərimizə müdaxilələri üçün imkan yaranacaq. Amma nikbinəm, inanıram ki, müəyyən çətinliklərlə üzləşsək də sonda islahatlara gedib vəziyyəti dəyişəcəyik. İmkan var ki, islahatlara getməklə həmin çətinlikləri önləyək.
Hökumət yalnız hakim partiyadan olan deputatların büdcə müzakirələri zamanı qaldırdıqları problemləri təhlil etsə, islahatların qaçılmaz olması zərurətini qəbul edəcək.

- Trampın son sülh təklifini Rusiya və Ukrayna qəbul edəcəkmi?

- Tərəflər müharəbədən yorulub. Ona görə sülhün əldə olunması imkanları artıb. Tramp çalışır ki, atəşkəs haqqında saziş daha çox Putini razı salsın. O Ukraynanın müttəfiqi olan komformist Avropa liderlərini də rəzil duruma salır, yerlərini göstərir. Rusiyanın müttəfiqləri daha sədaqətli çıxdı. Ukraynanın müharibəni davam etdirmək imkanları daha məhduddur. Bu səbəbdən Ukrayna daha çox güzəştlərə getmək, ərazilərinin böyük bir hissəsini itirmək məcburiyyətində qalacaq. Azərbaycanı Rusiya ilə qarşıdurmaya cəlb etmək istəyən, iqtidarı rusiyayönümlü siyasət aparmaqda ittiham edən gicbəsərlər Ukraynada baş verənləri görüb utanmalı, xalqımızdan üzr istəməlidirlər. Azərbaycan torpaqlarını itirmiş keçmiş sovet respublikaları arasında ərazi bütövlüyünü bərpa etmiş tək respublikadır.

Link kopyalandı!
Son xəbərlər