Bakı Analitik Mərkəzinin direktoru:
Siyasət
96
22 Nov 2025 | 23:36

Bakı Analitik Mərkəzinin direktoru: "Sülh Körpüsü" Təşəbbüsündə vacib olan dayanıqlılığı təmin etməkdir"

"Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin Ermənistana səfərindən bir ay sonra qarşı tərəfin nümayəndə heyətinin Bakıya gəlməsi barışıq prosesinin davamlılığı baxımından önəmlidir".
 
Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında 21-22 noyabr 2025-ci il tarixlərində "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Bakıya səfər etmiş Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupla görüşdə iştirak edən Topçubaşov adına Bakı Analitik Mərkəzinin direktoru, siyasi analitik Rusif Hüseynov deyib.
 
Onun sözlərinə görə, buradakı vacib məqam arada uzun fasilə vermədən dayanıqlılığı təmin etməkdən ibarətdir:
 
"Təbii ki, ötən dəfə olduğu kimi indi də iki qrup arasında müzakirələr oldu və əsas uğurlarımızdan biri təşəbbüslə bağlı ad seçimi idi. Artıq bu təşəbbüsə "Sülh Körpüsü" adının verilməsi bizim ciddi niyyətimizdən və prosesin davamlılığını saxlamaq məqsədimizdən xəbər verir".
 
R.Hüseynov müzakirələr çərçivəsində bir neçə istiqamət üzrə fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb:
 
"Aydın məsələdir ki, iki dövləti təmsil edən hökumətlər, ümumilikdə, sülh prosesini və gündəliyini müəyyən edir, bu çərçivədə biz qruplarımızın - nəzərə almaq lazımdır ki, bu qrupların nümayəndələri müxtəlif sektorları təmsil edirlər - hansı işləri görə biləcəklərini müzakirə etdik. Xüsusilə, beyin mərkəzləri, media qurumları, vətəndaş cəmiyyətlərini təşkil edən digər sektorlar arasında konkret ideyalar ətrafında gələcək qısa və ortamüddətli layihələr haqqında danışdıq. Ümumilikdə çox uğurlu və konstruktiv görüş oldu. Qarşıdakı müddətdə görüşlərimizin nəticəsi olaraq konkret hansısa işləri görə biləcəyimizi ümid edirəm".
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər