İstər TRIPP layihəsi, istərsə də Azərbaycanla münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi Tramp administrasiyasının əsas hədəflərindəndir. Bu istiqamətdə Bakı ilə təşkil olunan intensiv dialoq və razılaşmalar isə hər iki tərəfin maraqlarına cavab verir.
Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh prosesinin mühüm tərkib hissəsi olan kommunikasiyaların açılmasına dair Vaşinqtonda əldə edilmiş mühüm razılaşmaların reallaşması istiqamətində intensiv proses artıq başlayıb. Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı son günlərdə ABŞ rəhbərliyi tərəfindən atılan addımlar bu qənaətə gəlməyə əsas verir.
Vaşinqtondan gələn qonaq
ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Hukker bu günlərdə öncə Ermənistanda, sonra isə Azərbaycanda səfərdə olub. İrəvana səfər çərçivəsində əsas müzakirə mövzusu məhz Zəngəzur dəhlizi - Tramp yolu ilə bağlı olub. Artıq Ermənistan və ABŞ arasında TRIPP layihəsinin reallaşması ilə bağlı birgə işçi qrup yaradılıb.
Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycana səfər və Bakıda səsləndirilən bəyanatlar da xüsusi əhəmiyyət kəsb edir. Ellison Hukker xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib ki, ABŞ və Azərbaycan 8 avqustda Vaşinqtonda keçirilən sammitdə əldə olunmuş razılaşmaların icrası ilə məşğul olacaq birgə işçi qrup yaradıblar. Hukerin sözlərinə görə, onun regiona ilk səfəri avqust razılaşmasının irəlilədilməsi üzrə mühüm mərhələ ilə üst-üstə düşür.
"Bu danışıqları davam etdirəcək işçi qrupunun yaradıldığını elan etməkdən məmnunam. Qrupa ABŞ Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək. Qrupun əsas məqsədi ABŞ və Azərbaycan arasında Strateji tərəfdaşlıq Xartiyasının hazırlanması olacaq. Bu təşəbbüs Azərbaycan və Ermənistan arasında tamhüquqlu sülh sazişinin imzalanmasına doğru irəliləyişlə birlikdə, ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızı daha da dərinləşdirəcək, həmçinin Cənubi Qafqazın mühüm ticarət dəhlizi kimi potensialını üzə çıxarmağa imkan verəcək. Prezidentlər Tramp və İlham Əliyevin rəhbərliyi altında bütün bunların necə həyata keçiriləcəyini görəcəyik", - deyə o qeyd edib.

Görüşdə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək TRIPP üzrə işlərin sürətləndirilməsində Azərbaycanın maraqlı olduğu diqqətə çatdırılıb.
ABŞ-də müzakirələr, Bakıda Forum
Digər maraqlı məqam ondan ibarətdir ki, Ellison Hukkerin bölgəyə səfəri ilə eyni vaxtda Azərbaycan nümayəndə heyəti geniş tərkibdə ABŞ-yə səfər edib və burada Konqres, lobbi və administrasiya rəsmiləri ilə çoxsaylı müzakirələr aparıblar. Bakıda isə Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Forumu təşkil olunub. Bu Forumda ABŞ-nin ən nüfuzlu analitik mərkəzlərinin ekspertləri və təmsilçiləri yer alıblar. Vaşinqtonda da böyük maraqla izlənən forumda əsas vurğulardan biri məhz TRIPP layihəsinin reallaşması olub.

ABŞ-li ekspertlərin qənaətləri
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın qənaətincə, TRIPP layihəsi Azərbaycan ilə Ermənistan arasında uzun müddətdir ehtiyac duyulan sülhün qurulması, eyni zamanda, Avrasiya boyunca ticarət marşrutlarının genişləndirilməsi baxımından vacib əhəmiyyət daşıyır.
"İndi hərəkətə keçmək lazımdır. Azərbaycanın yerləşdiyi bu coğrafiyaya baxsaq görərik ki, əgər siz Rusiya və ya İrana daxil olmadan Avrasiyaya getmək istəyirsinizsə, Azərbaycandan keçməlisiniz. Bu infrastrukturun qurulması və bunun reallaşması üçün Azərbaycan, Ermənistan və Türkiyə ilə birgə işləmək çox vacib olacaq. Hazırda bunun üzərində işləməliyik", - deyə R.Sekuta əlavə edib.

Avrasiya Təhlükəsizlik və Rifah Proqramının Baş direktoru Kamran Bokharinin sözlərinə görə, Azərbaycanla Naxçıvanı birləşdirən Ermənistandan keçməsi nəzərdə tutulan dəhliz strateji əhəmiyyət daşıyır.
"Tramp administrasiyası da bu marşruta xüsusi diqqət ayırıb, çünki həmin xətt Qərb-Şərq əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır. Bu, eyni zamanda, ABŞ-nin Azərbaycanla münasibətlərində yeni bir mərhələ və Vaşinqtonun Cənubi Qafqaz regionuna indiyədək olmadığı qədər yaxınlaşması deməkdir", - deyə K.Bokhari vurğulayıb.
Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin baş direktoru Con Herbst jurnalistlərə müsahibəsində deyib ki, Trampın regiona ən mühüm töhfələrindən biri nəqliyyat dəhlizi ilə bağlı təşəbbüsüdür. Bu dəhlizlə bağlı əsas çətinlik onun üzərində nəzarət məsələsi idi, çünki marşrut Ermənistan ərazisindən keçir. Əgər dəhlizin idarəolunması və fəaliyyətinə nəzarət ABŞ tərəfindən həyata keçirilərsə, ərazi səlahiyyəti ilə bağlı mürəkkəb məsələlər aradan qalxar. Bu isə tərəflər arasında gərginliyin azalmasına ciddi şəkildə xidmət edir. Nəqliyyat dəhlizinin irəli sürülməsi yalnız siyasi prosesin tərkib hissəsi deyil, həm də regionun iqtisadi gələcəyinə hesablanan strateji bir layihədir.

"Forbes"dən 907-ci düzəliş vurğusu
Azərbaycanın ABŞ üçün əhəmiyyəti, TRIPP layihəsinin reallaşmasının Vaşinqtonun Cənubi Qafqaz və daha böyük coğrafiyada strateji maraqlarına tam cavab verməsi bu ölkənin mediasında da xüsusi diqqətlə izlənilir. "Forbes" jurnalında dərc edilən məqalədə qeyd olunur ki, 1992-ci ildə qəbul edilmiş Azadlığa Dəstək Aktının 907-ci düzəlişi uzun müddət Azərbaycanla iqtisadi və infrastruktur sahələrində birbaşa əməkdaşlığı məhdudlaşdırıb. Bu müddəaların ləğvi və ya dəyişdirilməsi nəqliyyat dəhlizlərinin, energetikanın və ticarətin inkişafı üçün yeni imkanlar aça, ölkənin Qafqazdakı strateji rolunu gücləndirə bilər.
Məqalə müəllifləri vurğulayıblar ki, Azərbaycanla əməkdaşlıq həmçinin dəmir yolları, neft və qaz kəmərləri, optik-lif xətləri kimi infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır ki, bu da regional təhlükəsizliyi möhkəmləndirir və region ölkələrinin müstəqilliyini artırır.
"Azərbaycanın ABŞ-nin tərəfdaşları sırasına daxil edilməsi ölkənin regiondakı strateji əhəmiyyəti ilə bağlıdır. Beləliklə, Bakı öz ticarət və enerji əlaqələrini gücləndirmək, infrastrukturunu inkişaf etdirmək və beynəlxalq arenada rolunu artırmaq imkanı qazanır, eyni zamanda, qlobal rəqabət şəraitində Cənubi Qafqazın sabitliyinə və müstəqilliyinə töhfə verir", - "Forbes" qeyd edir.
Göründüyü kimi, istər TRIPP layihəsi, istərsə də Azərbaycanla münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi Tramp administrasiyasının əsas hədəflərindəndir.