Azərbaycan və Rusiya arxeoloqları birlikdə Qarabağda yerləşən və keçmiş SSRİ-də ən qədim arxeoloji abidə hesab edilən Azıx mağarasında tədqiqat işlərini bərpa ediblər.
Moderator.az xəbər verir ki, bu barədə TASS Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyası Sibir Bölməsi Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü arxeologiyası şöbəsinin müdiri Mixail Şunkova istinadən məlumat yayıb.
Məlumata görə, alimlər mağaranın yenidən radiometrik və geoloji datalaşdırılmasını aparacaqlar ki, bu da Afrikanı 2 milyon ildən çox əvvəl tərk etmiş ilk insanların Qafqazdakı yayılma tarixini daha dəqiq müəyyən etməyə imkan verəcək.
Altı mağaradan ibarət olan Azıx mağarası Azərbaycanın ən iri və ən qədim paleolit məskənlərindən biri kimi tanınır və Qafqazda ibtidai insanların yaşayış yerlərindən biri hesab olunur.
Şunkovun sözlərinə görə, uzun illər ərzində Qarabağ ərazisində arxeoloji qazıntılar aparılmadığından, bu abidənin yenidən araşdırılması xüsusi əhəmiyyət kəsb edir.
“Biz azərbaycanlı həmkarlarımızla birlikdə Azıx mağarasında işləri yenidən başladıq. Sovet dövründə bu ərazi SSRİ üzrə ən qədim arxeoloji obyekt hesab olunurdu. Artıq 40 il keçib və obyekt müasir metodlarla yenidən tədqiq olunmalıdır”, — o bildirib.