Bizi sosial şəbəkələrdən izləyin:
Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Q.Elyasov "Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüqüqlu iştirakı haqqında" qərar münasibətilə Baş nazir Əli Əsədova məktub ünvanlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Həmin məktubda səfir sözügedən qərar münasibətilə Baş naziri təbrik edib:
"Bu qərar şübhəsiz ki, tarixi miqyaslı bir hadisədir. O, Mərkəzi Asiyanın və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkana çevrilməsini, beləliklə, xalqlarımızın və dövlətlərimizin qardaşlıq, mehriban qonşuluq, bərabərlik və əməkdaşlığa əsaslanan güclü birliyini, tarixi taleyimizin ayrılmaz və bölünməz olduğunu mütləq şəkildə anlamasını qeyd edir.
Bildiyiniz kimi, bu ilin avqust ayında Avaza Milli Turizm Zonasında keçirilən Dənizə Çıxışı olmayan İnkişaf Etməkdə olan Ölkələr üzrə Üçüncü BMT Konfransı zamanı Türkmənistanın təklifi ilə Mərkəzi Asiya Dövlət Başçılarının fövqəladə Məşvərət Görüşü təşkil edildi. Məhz bu görüşdə Türkmənistan Azərbaycanın Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulmasını və bununla da bu formatda əsas iştirakçıya çevrilməsini, əlaqələrini daha da gücləndirməsini və qardaş xalqlar ailəsinə hərtərəfli inteqrasiyasını təklif etdi.
Əminəm ki, qardaş Azərbaycanın siyasi nüfuzu, nəhəng resurs, sənayə və texnoloji potensialı, mədəni humanitar sahələrdəki nailiyyətləri nəzərə alınmaqla, Məşvərət görüşlərinə qoşulması ölkələrimizin və xalqlarımızın hərtərəfli yaxınlaşmasında müəyyənedici elementə, regional və beynəlxalq inkişafdakı müasir tendensiyalarda fəal iştiraka stimul verəcək. Qlobal koordinat sistemində layiqli rolunu və yerini dərk edən və məqsədlərinə birgə çatmağa hazır olan məsuliyyətli, birləşmiş tərəfdaşlar kimi Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın qlobal səhnədə rolunun və çəkisinin artmasına səbəb olacaq.
Bir daha səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm!
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram".