Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası çərçivəsində Türk Qırmızı Şəbəkəsinin 2026-cı il üçün strateji "yol xəritəsi" təqdim olunub.
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, yüksəksəviyyəli Strateji İşçi Qrupu tərəfindən aparılan müzakirələrin nəticəsi olaraq təşkilatın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən əsas strateji addımlar formalaşdırılıb.
Yeni "yol xəritəsi" humanitar sahədə əməkdaşlığın gücləndirilməsini, Milli Cəmiyyətlərin hüquqi və institusional əsaslarının möhkəmləndirilməsini, TDT Katibliyi və digər qurumlarla əlaqələrin daha sıx şəkildə qurulmasını nəzərdə tutur. Eyni zamanda, müşahidəçi tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, fövqəladə hallara birgə müdaxilə mexanizminin yaradılması və humanitar fond sisteminin tətbiqi planlaşdırılır. "Yol xəritəsi" könüllülərin idarəolunmasının təkmilləşdirilməsi, personal mübadiləsinin genişləndirilməsi və qan xidmətlərinin daha effektiv təşkili kimi məsələləri də özündə ehtiva edir.
Tədbirdə vurğulanıb ki, bu "yol xəritəsi" türk dünyasında humanitar həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək, milli cəmiyyətlər arasında əməkdaşlığın institusional əsaslarını gücləndirəcək və fövqəladə hallara daha çevik və koordinasiyalı reaksiya imkanı yaradacaq.
Həmçinin, tədbirdə TDT-yə üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası çərçivəsində Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsi imzalanıb.
İmzalanan sənəd üzv ölkələrin Milli Cəmiyyətləri arasında qarşılıqlı əməkdaşlıq və humanitar həmrəyliyi təsdiq edir. Bəyannamə bilik və təcrübə mübadiləsinin genişləndirilməsini, birgə humanitar layihələrin həyata keçirilməsini, fövqəladə hallara koordinasiyalı reaksiya imkanlarının artırılmasını və regional həmrəyliyin daha da möhkəmləndirilməsini nəzərdə tutur.