Azay Quliyev:
Siyasət
236
18 Nov 2025 | 18:00

Azay Quliyev: "Səfirliyimizə edilən hücum Vyana Konvensiyasının kobud pozuntusudur"

ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit Komitəsinin Sədri Azay Quliyev İstanbulda keçirilən ATƏT Parlament Assambleyasının 23-cü Payız Sessiyasında “Qaydalara əsaslanan qlobal ticarət: ədalətlilik, əlaqəlilik və davamlı inkişaf” mövzusunda Panel Sessiyasında geniş məruzə ilə çıxış edib.

Azay Quliyev çıxışında üç əsas qlobal çağırışı – iqlim dəyişikliyi, müharibələr və silahlı münaqişələr, həmçinin geopolitik rəqabətin artması və etibarlı əlaqəlilik ehtiyacı – ATƏT məkanının təhlükəsizliyinə birbaşa təsir edən amillər kimi qiymətləndirib.

O qeyd edib ki, son 20 ildə iqlim fəsadlarının dünya iqtisadiyyatına 15 trilyon dollardan artıq zərər vurması, habelə mövcud emissiya öhdəliklərinin dünyanı 2.3–2.5°C artım riskinə aparması dövlətləri daha cəsarətli addımlar atmağa məcbur edir. Bu xüsusda, ATƏT PA-nın Porto Bəyannaməsində COP29-un nəticələri ilə uzlaşan iddialı iqlim tədbirlərinin zəruriliyi vurğulanıb.

Çıxışının ikinci hissəsində Azay Quliyev müharibələrin iqtisadi sabitlik və ticarətə vurduğu dağıdıcı təsirləri xüsusi qeyd edərək, Ukraynaya qarşı müharibənin qlobal enerji təhlükəsizliyi və tədarük zəncirlərinə ciddi ziyan vurduğunu bildirib. O, həmçinin Ukraynada Azərbaycanın səfirliyinin binasına edilmiş son raket hücumunu kəskin şəkildə pisləyib və bunun Vyana Konvensiyasının kobud pozuntusu olduğunu vurğulayıb.

Geopolitik rəqabət və artan proteksionizmlə bağlı narahatlıqlara toxunan komitə sədri qeyd edib ki, 2025-ci ildə dünya üzrə mal ticarətinin 0.2% azalacağı proqnozlaşdırılır və idxal məhdudiyyətlərinin 44%-ə yüksəlməsi qlobal bazarları parçalamaq təhlükəsi yaradır.

O, xüsusilə Orta Dəhlizin, Zəngəzur koridorunun və TRIPP təşəbbüsünün strateji əhəmiyyətinə toxunaraq, Transxəzər nəqliyyat şəbəkəsinin Asiya və Avropanı birləşdirən etibarlı, davamlı və şaxələndirilmiş bağlantı arteriyası kimi önəmini vurğulayıb.

Azay Quliyev həmçinin ATƏT PA daxilində fəaliyyət göstərən İpək Yolu Qrupunun nəqliyyat, enerji, ticarət və turizm sahələrində əlaqəliliyin inkişafı üçün vacib platforma olaraq fəaliyyətini yüksək qiymətləndirib.

Sonda komitə sədri qeyd edib ki, dayanıqlı inkişaf, etibarlı tranzit yolları, inklüziv iqtisadi proseslər və rəqəmsal transformasiya üzərində qurulan əməkdaşlıq ATƏT regionunda sülh, təhlükəsizlik və rifahın əsas dayağıdır. “Bu gün verəcəyimiz qərarlar gələcək nəsillərin yaşadığı regional nizamı müəyyən edəcək”, – deyə o bildirib.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər