Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani ABŞ Dövlət Departamentinin Baş müşaviri Conatan Askonasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.
Görüşdə Gürcüstan hökuməti tərəfindən ölkənin tranzit və birləşdirici funksiyalarının möhkəmləndirilməsi üçün atdığı addımlar müzakirə olunub.
Jorjoliani ABŞ tərəfinə Gürcüstanda qeyd olunan funksiyanın inkişafı üçün dəmir və avtomobil yolları, liman infrastrkuturuna yönəltdiyi əhəmiyyətli sərmayələr barədə məlumat təqdim edib. O, Gürcüstan hökumətinin ABŞ ilə münasibətlərin hazırkı səviyyəsindən məmnun olmadığını qeyd edib, strateji tərəfdaşlığı təmiz səhifədən və konkret yol xəritəsi əsasında bərpasına hazırlığını bir daha təsdiqləyib.
Tərəflər “Tramp marşrutu” üzrə Gürcüstanın mövqeyini müzakirə ediblər. Marşrutun ABŞ tərəfindən yük daşımaları üçün təhlükəsizlik təminatlarının yaradılması baxımından regiona mümkün müsbət təsiri qeyd edilib.
Söhbət zamanı Tramp administrasiyasının regionda sülhün bərqərar olması istiqamətindəki səylərinin əhəmiyyəti vurğulanıb. Gürcüstanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindəki rolu da müsbət qiymətləndirilib.
Görüşdə Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili və ABŞ-ın Gürcüstandakı səfiri səlahiyyətlərini icra edən Alan Persell də iştirak edib.