Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkəsitana səfəri zamanı tarixi addım atılıb.
Dövlətimizin başçısı Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclasında iştirak edib.
Eyni zamanda, ölkəmizə Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu verilib. Bununla bağlı qərar Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilib.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının baş katibi Niyaməddin Orduxanlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusunun verilməsi tarixi hadisədir:
“Ölkəmizin Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü olmasının əhəmiyyəti böyükdür. Azərbaycan beynəlxalq birliklərdə hər zaman yüksək səviyyədə fəaliyyət qurub. Bu, çox önəmli faktordur.
Ölkəmiz istər Avropa, istərsə də Asiya məkanında çox əhəmiyyətli strateji mövqeyə sahib bir ölkədir. Ona görə də Azərbaycanın bu cür beynəlxalq təşkilatlarda tamhüquqlu üzv kimi iştirakı olduqca əhəmiyyətli bir hadisədir”.
Ekspert qeyd edib ki, ölkəmiz bütün beynəlxalq təşkilatlarda fəaliyyətini indiki formada davam etdirməlidir:
“Bu, Azərbaycanın dövlət maraqlarına xidmət edən bir amildir. Azərbaycan Asiyada ən vacib dövlətlərdən biridir. Təsadüfi deyil ki, ölkəmiz tarix boyu həm Avropanın, həm də Asiyanın qapısı adlandırılıb. Burada tarixi İpək Yolunu da xüsusi vurğulamaq lazımdır.
Ümumi olaraq, Azərbaycanın Asiya dövlətləri və təşkilatları ilə iqtisadi, siyasi, mədəni və digər əlaqələri var. Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü olmaqla da bu əlaqələr daha çox inkişaf etdiriləcək. Yəni bu, çox mühüm addımdır”.