Bizi sosial şəbəkələrdən izləyin:
“Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə konkret məhkəmə qərarı olduqdan sonra Yeni Azərbaycan Partiyası (YAP) onun partiyadan çıxarılması məsələsinə baxacaq”.
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
Şura sədri bildirib ki, bununla bağlı məhkəmənin qərarı olmalıdır: “Məhkəmə qərarı olmadan Ramiz Mehdiyev haqqında danışılan sözlərin hamısı boş söhbətlərdir. Məhkəmənin qərarı olandan sonra o məsələlərin hamısı öz həllini tapacaq”.
Arif Rəhimzadə hazırda Ramiz Mehdiyev barəsində sadəcə olaraq məhkəmə araşdırması prosesinin getdiyini və bunun nəticələrini gözləməyin vacibliyini vurğulayıb: “Onun haqqında verilən qərar məhkəmənin gedişi və prosesə cəlb edilməsi ilə bağlıdır”.
Xatırladaq ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının və partiyanın Veteranlar şurasının üzvüdür. O, 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.
Qeyd edək ki, Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.