Bizi sosial şəbəkələrdən izləyin:
"Qərbi Azərbaycan İcmasının tarixi torpaqlara qayıdışla bağlı əsas istinadgahı beynəlxalq hüquqdur".
Moderator.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, əsas hədəf insanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışıdır:
"Bu istiqamətdə dialoq, beynəlxalq təşkilatlarla əməkdaşlıq daim diqqət mərkəzindədir. Biz sənədlərimizdə xüsusi vurğulamışıq ki, İcma beynəlxalq hüququn bütün norma və prinsiplərinə hörmət edir. Dünya ictimaiyyətinin diqqətinə onu da çatdırmışıq ki, ermənilərin soydaşlarımıza qarşı cinayətləri bütün hüdudları aşıb. Lakin təəssüf ki, Ermənistan betün cinayətlərinə görə nəinki məsuliyyət daşımaq istəmir, ata-baba yurdundan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnu inkar edir. Azərbaycanın həm də maddi və mədəni irsi ermənilər tərəfindən darmadağın edilib. Bununla bağlı biz aidiyyəti bütün strukturlara, UNESCO-ya müraciət etmişik. İcmanın davamlı çağırışlarına baxmayaraq, Ermənistan bu istiqamətdə heç bir müsbət cavab vermir".
Ə.Ələkbərli bildirib ki, bu il avqustun 8-də keçirilən Vaşinqton görüşündən sonra Ermənistan ictimaiyyəti, siyasətçiləri, mediası guya Azərbaycanın Qərbi Azərbaycana qayıdış ideyasından əl çəkdiyini yayırdı:
"Hətta Qərbi Azərbaycan İcmasının artıq fəaliyyət göstərməyəcəyini, ümumiyyətlə, bu istiqamətdə bütün fəaliyyətin dayandırılacağını deyirdilər. Ancaq Azərbaycan Prezidentinin AMEA-dakı çıxışı bir daha hər kəsə göstərdi ki, bunlar yalan məlumatlardır. Ermənilər həmin niyyətlərinə çatmayacaqlar".