Siyasət
139
17:10, Bu gün

"Límite Informativo": Azərbaycan WUF13-də "ağıllı şəhər"lər üzrə innovativ həllərini təqdim edəcək

İspaniyanın "Límite Informativo" nəşri Azərbaycanın 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlığına dair məqalə hazırlayıb.

Moderator.az-ın məlumatına görə, nəşr Azərbaycanın şəhər planlaşdırması, dayanıqlı inkişaf strategiyası insan-mərkəzli inklüziv şəhər modeli sahəsində innovativ yanaşmalar nümayiş etdirdiyini vurğulayır.

"Límite Informativo" bildirib ki, WUF13 insan-mərkəzli şəhər planlaşdırması fəlsəfəsinin təşviqi və sosial ədalət, inklüzivlik və vətəndaş iştirakı prinsiplərinin dəstəklənməsi üçün bir platforma olacaq.

Qadınların, gənclərin və sağlamlıq imkanları məhdud olan insanların şəhər həyatına tam inteqrasiyasına, həmçinin "Heç kim geridə qalmasın" və "Qadınlar və şəhər transformasiyası" təşəbbüslərinə xüsusi diqqət yetirilir.

"WUF13 sadəcə beynəlxalq konfrans kimi deyil, həm də Azərbaycanın şəhər inkişafı strategiyasını modernləşdirmək, sosial və ekoloji dayanıqlılıq prinsiplərini gücləndirmək, həmçinin dünyaya ölkənin növbəti onilliklər üçün dayanıqlı şəhər planlaşdırması modelini nümayiş etdirmək üçün strateji platforma kimi çıxış edir. Forum, eyni zamanda yerli mütəxəssislərin bilik və təcrübəsini genişləndirmək, elmi və akademik əməkdaşlığı stimullaşdırmaq, eləcə də Azərbaycanda şəhər planlaşdırması sahəsini inkişaf etdirmək üçün əhəmiyyətlidir", - məqalədə bildirilib.

Nəşr Azərbaycanın azad edilmiş ərazilərində - Şuşa, Füzuli, Ağdam, Cəbrayıl, digər şəhər və rayonlarda həyata keçirilən layihələrə diqqət çəkir. Bunlar isə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə nümunədir. Tətbiq olunan texnologiyalar arasında bərpa olunan enerji mənbələrindən istifadə, intellektual küçə işıqlandırma sistemləri, rəqəmsal nəzarət və s. var. Bu təşəbbüslər BMT-nin "Yeni Şəhər Gündəliyi" sənədinin prinsiplərinə uyğun olaraq Asiya ilə Avropa arasında dayanıqlı inkişaf körpüsü formalaşdırır.

"Məsələn, Ağdam şəhərinin baş planı 2050-ci ilə qədər 100 min sakin üçün nəzərdə tutulub və bərpa olunan enerji mənbələrindən tam istifadəni əhatə edir. Füzuli və Zəngilan rayonlarında tətbiq edilən "ağıllı" işıqlandırma, tullantıların çeşidlənməsi və suyun təkrar istifadəsi sistemləri "yaşıl transformasiya"nın real nümunələridir", - "Límite Informativo" qeyd edir.

Bildirilib ki, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri enerji qənaəti, rəqəmsal idarəetmə, su və tullantıların emalı, həmçinin ekoloji nəzarət sistemlərinin inteqrasiyasını əhatə edir: "İlk "ağıllı kənd" - Ağalı (Zəngilan) - 2022-ci ildən məskunlaşdırılıb: fərdi evlər günəş panelləri ilə təmin edilir, su təmizləmə və tullantıların çeşidlənməsi sistemləri isə tam avtomatlaşdırılıb".

Qeyd edilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə əsasən, 2025-2035-ci illər üçün "Ağıllı şəhər 2.0" proqramı 12 şəhər və qəsəbənin bu formata keçidini nəzərdə tutur. Həmçinin, bu layihələrin bəziləri WUF13-də "Yaşıl gələcək üçün şəhərlər" mövzu sessiyasında təqdim ediləcək.

"Paytaxtı Bakıda tarixi irs və müasir arxitekturanın birləşməsi nümunələri, köhnə şəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, Zəngilanın "yaşıl şəhər" konsepsiyası və Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı kimi tanınması Azərbaycanın ənənələrə və innovasiyalara sadiqliyini nümayiş etdirir", - "Límite Informativo" yazıb.

Nəşr, həmçinin qeyd edir ki, WUF13-ün əsas mövzusu - "Hər kəs üçün mənzil: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məntəqələri" Azərbaycanın sosial inkişaf strategiyasına uyğundur. Xüsusi diqqət inklüzivliyə və iqlimə davamlı həllərə yönəldilib. Forum yerli icmaların, qadınların, gənclərin və sağlamlıq imkanları məhdud olan insanların şəhər həyatında iştirakını genişləndirmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün beynəlxalq təcrübədən istifadə etməyə imkan verir.

Forumun Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətə Azərbaycanın uğurlu təcrübəsini nümayiş etdirir və ölkənin uzunmüddətli davamlı inkişafına strateji investisiyadır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər