"Müasir ordu quruculuğu davam edir, Türkiyə ilə əməkdaşlıq genişlənir..."
NATO standartlarına keçid
"Deutsche Welle" nəşrinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev ölkə ordusunun NATO standartlarına uyğunlaşdırıldığını bildirib. Bu açıqlama 6 noyabr tarixində Alyans nümayəndələri ilə keçirilən görüşdə səslənib.
Prezidentin rəsmi saytında yayımlanan məlumata əsasən, Azərbaycan bu prosesdə Türkiyə ilə sıx əməkdaşlıq edir. Görüşdə NATO-da təmsil olunan bir sıra ölkələrin - Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çexiya, Portuqaliya, İspaniyanın daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın səfir müavinləri iştirak edib.
"Əsas hədəfə nail olmuşuq"
Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan XX əsrin əvvəllərindən bəri qarşıya qoyduğu əsas məqsədə - torpaqların işğaldan azad edilməsinə nail olub. Onun sözlərinə görə, bundan sonrakı mərhələdə ordunun modernləşdirilməsi davam etdiriləcək və NATO ilə əlaqələr genişlənəcək. Görüş
zamanı yalnız hərbi əməkdaşlıq deyil, həm də regional inkişaf və enerji təhlükəsizliyi kimi sahələr müzakirə olunub.
Azərbaycan-NATO əməkdaşlığının formalaşması
Azərbaycanın NATO ilə tərəfdaşlığı 1992-ci ildə, ölkənin Şimali Atlantik Əməkdaşlıq Şurasına qoşulması ilə başlayıb. Ardınca 1994-cü ildə Bakı "Sülh naminə tərəfdaşlıq" proqramına daxil olaraq, hərbi əməkdaşlığa praktiki çalar verib. 2004-cü ildə Prezident İlham Əliyev NATO-ya fərdi tərəfdaşlıq planı təqdim edib, bu sənəd Azərbaycan ordusunun struktur və texniki baxımdan müasirləşdirilməsini nəzərdə tutub.
Sonrakı illərdə əməkdaşlıq real sahəyə keçib: 2002-2021-ci illərdə Azərbaycan hərbçiləri NATO missiyası çərçivəsində Əfqanıstanda xidmət göstərib, 2025-ci ildə isə Azərbaycan və Alyans birgə əməliyyat planlaşdırılması üzrə təlim keçirib və ölkə ordusu Gürcüstanda "Agile Spirit" təlimlərinə qatılıb. Bu ardıcıllıq Azərbaycanın NATO ilə münasibətləri tədricən dərinləşdirdiyini və ordunu Qərb standartlarına yaxınlaşdırdığını göstərir.