COP29 geosiyasi gərginlik, etimadsızlıq və iqtisadi qeyri-müəyyənlik dövründə belə, ölkələrin yenə də bir araya gəlib ümumi mənafe üçün birgə hərəkət edə biləcəyini göstərib.
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Braziliyada COP30-un Liderlər Sammitində çıxışında deyib.
Milli Məclisin sədri çıxışında Azərbaycanın təşkilatçılığı ilə COP29-da Azərbaycan tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensus əldə edilib.
Spiker Sahibə Qafarova xatırladıb ki, Azərbaycan COP29-da Bakı Maliyyə Hədəfinin qəbul olunmasına nail olub ki, bu da 2025-ci ildən inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur. Bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu günə qədər əldə edilmiş ən böyük maliyyə paketidir. Həmçinin, COP29-da inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim maliyyəsinin illik ən azı 1.3 trilyon dollara çatdırılması hədəfi ortaya qoyuldu. Bu hədəfə nail olmaq üçün Azərbaycan Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün Braziliya tərəfi ilə sıx əməkdaşlıq edib.
Spiker məlumat verilib ki, COP29 Sədrliyi danışıqlara paralel olaraq, Paris Sazişinin bütün əsas məqamlarını əhatə edən 14 təşəbbüsdən ibarət Fəaliyyət Gündəliyi hazırlayıb:
"Bu gündəliyin əsas məqsədi təkcə hədəflər müəyyən etmək deyil, həm də bu hədəflərə çatmaq üçün lazımi infrastrukturun yaradılmasına və əməli tədbirlərin həyata keçirilməsinə nail olmaqdır".
Sahibə Qafarovanın sözlərinə görə, COP29 göstərdi ki, hətta geosiyasi gərginlik, etimadsızlıq və iqtisadi qeyri-müəyyənlik dövründə belə, ölkələr yenə də bir araya gəlib ümumi mənafe üçün birgə hərəkət edə bilərlər. Bu, Azərbaycanın davamlı sınaqlarla üzləşməsinə baxmayaraq, bərqərar edə bildiyi çoxtərəfliliyin zəfərinin əsl nümayişi idi.
Milli Məclisin sədri bir daha bəyan edib ki, COP29-da iqlim fəaliyyəti üzrə mümkün şərtlərin formalaşmasından sonra, COP30 iqlim planlarının daha da irəliyə aparılması üçün daha bir imkan təmin edir:
"Azərbaycan COP30 prezidentliyinin "İcra COP"u baxışının reallaşdırılmasında COP30 prezidentliyini tam dəstəkləməyə və töhfə verməyə hazırdır".
Spiker Braziliyanı bu mühüm prosesdə dəstəkləməyə, vacib qərarları qəbul etməyə, planetimiz və gələcəyimiz üçün olduqca həlledici olan fəaliyyətlərin həyata keçirilməsinə çağırıb.