Sülhün relsləri üzərində: Bakı-İrəvan xətti 35 ildən sonra hərəkətə gəlir
Siyasət
217
14:20, Bu gün

Sülhün relsləri üzərində: Bakı-İrəvan xətti 35 ildən sonra hərəkətə gəlir

Məlum olduğu kimi, Azərbaycandan dəmir yolu vasitəsilə daşınan ilk Rusiya buğda partiyası Ermənistana çatıb.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bu xəbəri “tarixi hadisə” adlandırıb. Onun sözlərinə görə, 35 ildən sonra ilk dəfə Rusiya yükü Azərbaycan ərazisindən keçərək Ermənistanın “Ayrum” dəmir yolu stansiyasına çatdırılıb. Bu, faktiki olaraq, 1988-ci ildən bəri regionda mövcud olan dəmir yolu blokadasının qismən aradan qalxması anlamına gəlir.

Nazir bildirib ki, ilk partiya Rusiyadan gətirilən buğdadan ibarətdir və ümumi çəkisi 1000 ton olan 15 vaqonluq yük artıq təyinat nöqtəsinə çatdırılıb. Qazaxıstandan gələn ikinci buğda partiyasının isə hazırda Azərbaycan ərazisində olduğu və 7 noyabradək Ermənistana çatacağı gözlənilir.

Hələlik Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi yoxdur. Buna baxmayaraq, Prezident İlham Əliyevin tranzit məhdudiyyətlərinin aradan qaldırılması barədə verdiyi qərardan sonra ilk yük partiyası Gürcüstan vasitəsilə Ermənistana yönəldilib.

Bu, iqtisadi baxımdan Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirir. Ekspertlərin fikrincə, Rusiya və Qazaxıstan kimi taxıl ixracatçı dövlətlərin Ermənistanla ticarətində Bakı ərazisindən keçən dəmir yolu marşrutu alternativsiz mövqeyə malik olacaq.

Eyni zamanda bu marşrutun işlək vəziyyətə gətirilməsi “Zəngəzur dəhlizi”nin gələcəkdə açılması üçün praktik sınaq mərhələsi kimi də qiymətləndirilir. Əgər bu xətt uzunmüddətli və sabit əməkdaşlığa çevrilərsə, Cənubi Qafqazda illərdir qapalı qalan logistika əlaqələrinin tədricən bərpası mümkündür.

Moderator.az bildirir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:

"Hələlik, təbii ki, bu, daha çox siyasi jestdir. Çünki Azərbaycan sülh prosesinə nə qədər ciddi yanaşdığını, kommunikasiyaların açılmasına necə önəm verdiyini və bunu təkcə bəyanatlarla deyil, əməli addımlarla sübut etdiyini bir daha göstərir. Bu isə doğrudan da, həm Azərbaycanın beynəlxalq imicinə, həm də sülh prosesinə sadiqliyinə böyük töhfə verir və beynəlxalq aləmdə ölkəmizin davranışlarına müsbət yanaşılmasına səbəb olur".

İqtisadçı qeyd edib ki,  gələcəkdə bundan tranzit gəlirləri də əldə olunacaq:

"Hazırkı mərhələdə, məsələn, min ton buğdanın tranzitindən əldə edilən gəlir maksimum bir neçə min dollar, təxminən 2-3 min dollar civarında ola bilər. Buna görə də düşünürəm ki, gələcəkdə bu proses Azərbaycanın tranzit gəlirlərinə müsbət təsir göstərəcək. Hazırda isə nə büdcədə, nə də dövlət gəlirlərində bu, ciddi bir paya malik deyil.

Lakin prosesin özü doğrudur, düzgün istiqamətdə gedir və mən hesab edirəm ki, gələcəkdə bununla bağlı Ermənistanın da müəyyən qarşı addımlar atmasına səbəb olacaq. Yəni, gələcəkdə infrastruktur tam hazır olduqdan sonra Azərbaycana daxil olan bəzi yüklərin Ermənistan ərazisindən keçərək gətirilməsi artıq real bir vəziyyətə çevriləcək".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər