Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycan Respublikasının Konstitusiyası ayrı-seçkiliyi qəti şəkildə qadağan edir və bütün şəxslərin bərabər hüquq və azadlıqlarını təmin edir".
Moderator.az xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 80-ci sessiyasının üçüncü komitəsinin iclasında müasir irqçilik formaları üzrə xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı bildirib.
Birinci katib bildirib ki, mədəni müxtəlifliyin təşviqi və qorunması müxtəlif mədəniyyətlər arasında anlaşma və körpülərin qurulması istiqamətində səylərlə yanaşı, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və əlaqəli dözümsüzlüyə qarşı mübarizədə mühüm rol oynaya bilər.
O qeyd edib ki, dövlətlər irqi ayrı-seçkiliyi təşviq və təhrik edən təşkilatları açıq şəkildə qınamalı və qadağan etməlidir.
"Azərbaycan öz ərazisində yaşayan bütün şəxslərin irqi, rəng, mənşə, milli və ya etnik mənsubiyyətindən asılı olmayaraq, hüquq və ləyaqətini dəstəkləməyə sadiqdir və irqi ayrı-seçkiliyin bütün formalarının və təzahürlərinin aradan qaldırılması istiqamətində həm milli, həm də qlobal səviyyədə səylərini davam etdirəcək", - deyə Ş.Hacıyev bildirib.