Azərbaycanlı kriminal avtoritetlər İranın xidmətində - VİDEO
Siyasət
294
19:30, Bu gün

Azərbaycanlı kriminal avtoritetlər İranın xidmətində - VİDEO

İranlı dissident Məsih Əlinejadın öldürülməsinə cəhdlə bağlı üç ildən artıq davam edən və bütün bu müddət ərzində beynəlxalq medianın diqqət mərkəzində olan cinayət işi ötən həftə məhkəmə qərarı ilə yekunlaşıb.

Moderator.az "Azad İran"a istinadən xəbər verir ki, Nyu-York məhkəməsi İran hakimiyyətinin sifarişi ilə iranlı jurnalist və ictimai fəal Əlinejada sui-qəsd etmək istəyən Rafət Əmirov və Polad Ömərova 25 il həbs cəzası verib. Cinayətin digər iştirakçısı və bilavasitə Əlinejadın qətlini həyata keçirməli olan Xalid Mehdiyev barəsində isə məhkəmə hökmü yaxın vaxtlarda veriləcək.

Rəsmi sənədlərdə və beynəlxalq mediada bu şəxslər rus mafiyasının üzvləri və ya Şərqi Avropa mütəşəkkil cinayətkar qruplaşmasının nümayəndələri kimi təqdim olunsalar da, onların azərbaycanəsilli olduqları məlumdur və onlar haqqında vaxtaşırı Azərbaycan mətbuatında müxtəlif məlumatlar dərc olunub.

Bildirildiyinə görə, 46 yaşlı "qanuni oğru" Rafət Əmirov həm də "Fəxrəddin Mirzəyev", "Rim" və "Roma" adları ilə tanınıb və əslən Azərbaycanın keçmiş Əli-Bayramlı (indiki Şirvan) şəhərindən olduğu üçün kriminal aləmdə "Rafət Əlibayramski" ləqəbi ilə məşhurlaşıb. Onun hazırda İran vətəndaşı olduğu bildirilir.

"Araz Əliyev", "Polad Qaqa", "Hacı Qaqa" adları ilə tanınan 40 yaşlı Polad Ömərov Gürcüstan vətəndaşıdır və əslən bu ölkənin Dmanisi bölgəsindəndir. Bu şəxslərdən birincisi Özbəkistanda, ikincisi isə Çexiyada tutularaq ABŞ-yə təhvil verilib.

Dəstənin ilk həbs olunan üzvü isə keçmiş cüdoçu, "Əhmədli Xalid" ləqəbi ilə tanınan 23 yaşlı Xalid Mehdiyev olub. O, 2022-ci ilin yayında Bruklində Əlinejadın yaşadığı evin yaxınlığında təsadüfən ifşa olunub. Polis onu dayanma işarəsinə əməl etmədiyinə görə saxlayıb və axtarış zamanı onun avtomobilindən "Kalaşnikov" avtomatı, 66 patron və xeyli pul aşkar olunub. Eyni zamanda onun avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyənləşib və o həbs edilib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Rafət Əmirov və Polad Ömərov iranlı jurnalistə sui-qəsdin təşkilatçılarıdır, həmin vaxt ABŞ-də yaşayan Xalid Mehdiyev isə bilavasitə qətlin icraçısı olmalı imiş.

Qətlin sifarişçiləri İran İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni SEPAH-ın dörd zabiti, o cümlədən bir general olub. Prokurorluğun araşdırmasına əsasən, SEPAH Əmirova xanım Əlinejadın qətli üçün 500.000 dollar təklif edib və ona Əlinejad haqqında ev ünvanı da daxil olmaqla, zəruri məlumatları verib. 2022-ci ilin iyul ayında Əmirov bu məlumatı Ömərova göndərib. Ömərov da öz növbəsində həmin məlumatı dəstənin Nyu-York ştatının Yonkers şəhərində yaşayan digər üzvü Xalid Mehdiyevə çatdırıb ki, Mehdiyev xanım Əlinejadı izləyə və öldürə bilsin. Əmirov və Ömərov SEPAH-ın verdiyi avansdan Mehdiyevə 30.000 dollar pul da çatdırıblar.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər