Ermənistan və Azərbaycan arasında Vaşinqton razılaşmaları təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri üçün yeni perspektivlər yaradır.
Moderator.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Yerevanda "Orbeli: sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bəyan edib.
O, diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranziti üçün ölkə ərazisini açmağa hazır olması və Qazaxıstandan ilk yük partiyasının tədarükü haqqında son bəyanatına cəlb edib. Paşinyanın fikrincə, bu, avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların praktiki müstəvidə həyata keçirilməsinin nümunəsidir.
"Bir çoxu iddia edir ki, bu proseslər Aİİ-nin maraqlarına ziddir. Ancaq fakt budur ki, bu razılaşmalardan əvvəl ittifaqın iki ölkəsi arasında qeyri-mümkün bir şey, Vaşinqton razılaşmalarından sonra mümkün oldu. Bu, həmin razılaşmaların verdiyi üstünlüklərin qabarıq nümunəsidir", - deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, oxşar imkanlar Özbəkistan üçün də açıla bilər. Onun sözlərinə görə, Ermənistan Mərkəzi Asiya ölkələri ilə həm siyasi, həm də iqtisadi əlaqələrin dərinləşdirilməsinə çalışır, lakin bu yolda logistik çətinliklərlə üzləşir.
"Ermənistan və Azərbaycan arasında razılaşmaların həyata keçirilməsi bu problemlərin həllinə kömək edir. Bu, Ermənistan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsinə gedən yoldur - sübut edilə bilən bir faktdır", - deyə o vurğulayıb.
Paşinyan, həmçinin xatırladıb ki, Ermənistan Türkiyə və Azərbaycan arasında Marqara - Xndzoresk marşrutu ilə avtomobillə yükdaşımalarına imkan yaratmağa hazırdır.