ADP İdarə Heyətinin toplantısı keçirilib
Siyasət
820
03 Nov 2025 | 18:12

ADP İdarə Heyətinin toplantısı keçirilib

Partiya Vüqar Məmmədovun həbsini qətiyyətlə pisləyib…
 
Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
 
Toplantı iştirakçıları ilk növbədə ötən həftə “Hürriyyət” qəzetinin Baş redaktoru, eyni adlı internet televiziyasının sahibi və ADP Ali Məclisinin üzvü Vüqar Məmmədovun Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunmasını müzakirə edib. Müzakirələrdə Vüqar Məmmədovun həbsi qətiyyətlə pislənilib, ona qarşı irəli sürülən ittihamların inandırıcı olmadığı, bu həbsin Vüqar Məmmədovun ictimai-siyasi və jurnalist fəaliyyəti ilə bağlı olduğu qeyd edilib. İdarə Heyəti ADP Ali Məclisinin üzvü Vüqar Məmmədovun səhhəti ilə bağlı barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinin, istintaqının şəffaf keçirilməsinin, effektiv müdafiə hüququnun ölkə Konstitusiyasına, qanunlarına uyğun qaydada təmin olunmasının və hüquqlarının qorunmasına süni maneələr yaradılmamasının vacibliyini bildirib.
 
İdarə Heyəti son zamanlar Ermənistanda və Gürcüstanda daxili vəziyyətin gərginləşməsi ətrafında da müzakirə aparıb. Müzakirələrdə qeyd edilib ki, baş verən hadisələrin əsas səbəbi Cənubi Qafqaz respublikalarının Rusiya ilə Qərb arasında seçim etmələri ilə bağlıdır. Bu baxımdan indiki həssas dönəmdə Azərbaycanda daxili sabitliyin qorunması və vətəndaş həmrəyliyinə nail olunması istiqamətində ciddi adımlar atılmasının vacibliyi vurğulanıb. Eyni zamanda qeyd edilib ki, ölkədə məmur özbaşınalığının qarşısı alınmalı, vətəndaşların sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılmalıdır ki, bu tipli hallardan sui-istifadə edərək xarici qüvvələr ölkədə bu və ya başqa şəkildə siyasət yürütməyə çalışmasın. Müzakirələrdə Qərb və Avropa ilə əməkdaşlığının milli maraqlarımıza uyğun olduğu bir daha qeyd edilib. 
 
İdarə Heyəti ölkə başçısı İ.Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı ölkədə elmin dəstəklənməsi, alimlərin ictimai-siyasi həyatda aktiv iştirak etməsi və Azərbaycan dilinin qorunması ilə bağlı açıqlamalarını təqdir edib. Hesab edilib ki, ölkədə xüsusilə dövlət məmurları arasında rus dilindən istifadəyə və işə götürmə zamanı rus dilini bilmək tələbinin qoyulmasına son qoyulmalıdır. 
 
Toplantı iştirakçıları ötən həftə İngiltərə və Azərbaycan Müdafiə Nazirlikləri arasında qarşıdakı illər ərzində ikitərəfli əməkdaşlıq planının imzalanmasına da münasibət bildirib. Bu hadisə Azərbaycanın Qərbə inteqrasiyası, ölkəmizin hərbi qüdrətinin və milli təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətli olduğu bildirilib. 
 
İdarə Heyəti Azərbaycan hərbiçilərinin Qəzza bölgəsində sülhməramlı missiyanın tərkibində iştirak etməsi ilə bağlı təşəbbüslərə bir daha münasibət açıqlayıb. Qeyd edilib ki, Azərbaycan hərbiçilərinin Qəzzada sülhməramlı missiyada iştirakı yalnız beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilməsi məqsədə müvafiqdir, ən vacibi isə bu məsələdə Türkiyənin mövqeyi nəzərə alınmalıdır. 
 
İdarə Heyəti ötən həftə Balakən rayon icra başçısının vəzifə cinayətlərinə görə həbs olunmasını da müzakirə edib. Müzakirələrdə bu tipli həbslərin ölkədə mövcud olan problemlərin həllinə gətirib çıxarmayacağı qeyd edilib. Hesab edilib ki, azad mətbuatda dövlət məmurlarının yarıtmaz fəaliyyəti və özbaşınalıqları ilə bağlı məlumatlar hüquq-mühafizə orqanları tərəfindən diqqətə alınmalı, icra hakimiyyətlərinin fəaliyyəti üzərində ciddi ictimai nəzarət olmalıdır. Qeyd edilib ki, bu həbslər büdcədən regionların inkişafına ayrılan böyük vəsaitlərin yerli icra hakimiyyətləri tərəfindən korrupsiya yolu ilə talandığını göstərir və nəticə etibarı ilə əhali arasında böyük narazılıqlar və sosial gərginliklər yaradır. Dövlət vəsaitlərinin məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı kütləvi faktların ölkədə ağır siyasi nəticələrə gətirib çıxara biləcəyi nəzərə alınaraq, bu neqativ tendensiyanın qarşısının alınması üçün ölkədə köklü siyasi və iqtisadi islahatların həyata keçirilməsini zəruri edib. 
 
Toplantının sonunda cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
 
 
Link kopyalandı!
Son xəbərlər